Dünyanın ekoşəhər təcrübələri Azərbaycanda da tətbiq olunur.
Bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Günel Ələsgərova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
"Dünya ölkələrinin təcrübəsinə baxdıqda urbanizasiyanı vaxtında və planlı şəkildə həyata keçirən dövlətlər arasında Sinqapur xüsusi qeyd oluna bilər. Bu ölkəni çox zaman "yaşıllıqlar içində şəhər" adlandırırlar. Həmçinin Danimarka və Birləşmiş Krallıqda yaradılan eko-kvartalları nümunə göstərmək mümkündür. Belə layihələrin əsası hələ XX əsrin sonlarından qoyulub. Artıq 1990-cı illərdə bəzi eko-kvartallar günəş panelləri və təkrar emal olunan su sistemləri ilə təmin edilirdi. Həmin dövrdə bu ərazilərdə əhali sayı 2-5 min nəfər arasında dəyişirdisə, bu gün artıq daha böyük yaşayış massivləri eko-sistemlərlə inteqrasiya olunur. Bundan əlavə, Dubay təcrübəsini də qeyd etmək olar. Burada əsas diqqət yalnız enerji sərfiyyatına deyil, enerjinin təkrar emalına yönəldilib. Kanalizasiya sistemləri də fərqli prinsiplərlə qurulub. Yəni bütün yükün yalnız mərkəzləşdirilmiş sistem üzərində olmaması üçün hissəli və alternativ idarəetmə modelləri tətbiq edilir", - deyə o qeyd edib.
Bundan başqa, spikerin sözlərinə görə, Azərbaycanda isə ilk addımlar kimi "ASAN xidmət" modelini və nəqliyyatın intellektual idarəetmə sistemlərini göstərmək olar: "Bu gün yeni yaşayış komplekslərində və layihələrdə ağıllı su, elektrik və kanalizasiya idarəetmə sistemləri tətbiq edilir. Bütün şəbəkələrin vahid mərkəzdən idarə olunması şəhərdə yarana biləcək qarışıqlığın qarşısını almağa kömək edir və idarəetməni daha çevik edir. Mən düşünürəm ki, özəl sektor kommersiya maraqları ilə yanaşı, insanların rahatlığını və şəhərlərin inkişafını da prioritet hesab edərək dövlətlə birlikdə layihələr hazırlasa, yüksək komfort, dayanıqlı inkişaf təmin edən layihələrin sayı qısa müddətdə daha da arta bilər. Azərbaycan artıq sürətlə inkişaf edən və yenilikləri tez tətbiq edən ölkələrdən biridir. Buna görə də yaxın gələcəkdə bu istiqamətdə daha böyük nəticələrin şahidi ola bilərik".//Report
Şərhlər