Türkiyədə ailə qurmağa hazırlaşan ehtiyaclı gənclərə 500 min lirə veriləcək. Türkiyə Diyanət İşləri İdarəsindən verilən məlumata görə, maliyyə yardımından yararlanmaq istəyən 18-35 yaş aralığında olan gənclər müvafiq dövlət orqanına müraciət etməlidirlər. Şərtlərə uyğun gələn gənclərə veriləcək yardımın məbləği 500 min lirə təşkil edir ki, bu da təxminən 19 min manata bərabərdir.
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu təklif Azərbaycanda tətbiq edilə bilməz:
"Çünki 19 min manatı kim verəcək sualı ortaya gələcək. Xatırlayırsınızsa, bir həftə öncə ölkə Prezidentinin media rəhbərləri ilə görüşü oldu və orada bildirdi ki, ayağımızı yorğanımıza görə uzatmalıyıq. Dövlətin neftdən gələn gəlirləri azalır. Neft hasilatı azalır və digər tərəfdən vergilər də arta-arta gedir. Büdcəyə əlavə sosial yük gətirmək nədir? Bu pulu kimsə verməlidir. Bu cür sosial çağırışlar populist səslənir, büdcənin sosial yükünün artırılması məqsədi daşıyır. Məsələn, gedirik restorana, qəşəng yeməklər sifariş edirik, amma onun pulunu kim ödəyəcək sualını vermirik. Təki biz yeyək... Ondansa ünvanlı sosial yardım daha effektli ödənilsin ki, əhalinin minimal gəlirləri olsun və ehtiyacı olan şəxslər acından ölməsin”.
Toy edən gənclərin banklardan kredit götürməsinə gəlincə, Xalid Kərimli bankların qapısının hər kəsə açıq olmadığını vurğulayıb:
"Banklar krediti hər kəsə vermir. Ancaq onu qaytara bilən şəxslərə verilir. Bank krediti heç vaxt ehtiyacı olana vermir, qaytara bilənə verir. Deməli, imkanı var ki, kredit götürür. Hökumət gənc ailələrə ipoteka kreditini nisbətən güzəştli şərtlərlə verir. İmtiyazlı kateqoriyadan olan gənc ailələrə ümumiyyətlə, son dövrlər 4%, digərlərinə isə 8%-dən verilir. Bunun özü də güzəştli kredit sayılır. Hökumətin bu cür sosial məsələlərin yükünü artırmaq imkanları məhduddur”.
Bahar Rüstəmli
Şərhlər