Antarktida ilk baxışdan cansız görünsə də, əslində Ukraynanın Antarktida stansiyası "Akademik Vernadskiy” ətrafında həyat qaynayır. Burada minlərlə pinqvin məskunlaşıb, suitilər və dəniz leopardları peyda olur. Bununla yanaşı, qitənin ekosistemində narahatedici dəyişikliklər də müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBK-Ukrayna”ya ukraynalı qütb tədqiqatçısı, meteoroloq-ozonometr Aleksandr Poluden məlumat verib.
Onun sözlərinə görə, hazırda stansiya ətrafında təxminən 7 min subantarktik pinqvin yaşayır. Ümumilikdə alimlər yumurtalı 2 700-ə yaxın yuva qeydə alıblar. Vaxtaşırı imperator pinqvinləri də görünür. Eyni zamanda, pomor quşları fəal şəkildə başqa quşların yumurtalarına ov edir və onları yuvalardan oğurlayırlar.
Qütb tədqiqatçıları vurğulayırlar ki, Antarktidada heyvanların həyatına müdaxilə qəti şəkildə qadağandır. Yemləmə və ya "kömək” təbii tarazlığı poza bilər. Fauna ilə təmas yalnız bioloqlara və yalnız elmi tədqiqatlar çərçivəsində icazə verilir. Ekspedisiyanın digər iştirakçıları üçün təhlükəsiz məsafə ilə bağlı dəqiq qaydalar mövcuddur.
Aleksandr Poluden xatırladıb ki, vaxtilə Antarktida stansiyalarına ev heyvanları gətirməyə icazə verilirdi. Lakin Madrid müqaviləsinə edilən dəyişikliklərdən sonra bu praktika unikal yerli ekosistem üçün təhlükə yaratmamaq məqsədilə qadağan edilib.
Ukraynalı bioloqlar canlı orqanizmlərin Antarktidanın ekstremal şəraitinə necə uyğunlaşdığını ətraflı öyrənirlər. Onlar Vedell suitilərini, balinaları, kosatları, dəniz leopardlarını və pinqvinləri müşahidə edir, balaların doğulmasını qeydə alır, heyvanları çəkir və ölçürlər.
Poludenin sözlərinə görə, balinalardan DNT analizi üçün dəri nümunələri götürülür, həmçinin quyruqları fotoşəkil vasitəsilə sənədləşdirilir. Hər bir balinanın quyruq naxışı unikal olduğundan, bu şəkillər beynəlxalq kataloqlarda fərdlərin identifikasiyası üçün istifadə olunur.
Tədqiqatların ayrıca bir istiqaməti mikroorqanizmlərlə bağlıdır. Alimlər suyu filtrasiya edir, plankton və bakteriyaları analiz edir, mamırlar və şibyələrdə yaşayan həşəratları öyrənirlər. Həmçinin yosunların kütləvi çoxalması nəticəsində yaranan "qırmızı” və "yaşıl” qar hadisəsi araşdırılır. Çiçəklənmənin miqyasını qiymətləndirmək üçün ərazilər dronlarla çəkilir və kvadratlara bölünür. Vəxta başa çatdıqdan sonra bütün nümunələr elmi banklarda saxlanılması üçün Ukraynaya göndərilir.
Zəlzələlər, buzun olmaması və istiləşmənin nəticələri
Bu mövsüm geofiziki baxımdan da qeyri-adi olub. Qütb tədqiqatçıları Dreyk boğazında dörd zəlzələ qeydə alıblar və bu zəlzələlərin dalğaları stansiya ərazisinə qədər çatıb. Poludenin sözlərinə görə, qısa zaman kəsiyində belə aktivlik qeyri-tipik hesab olunur.
Digər narahatedici məqam isə demək olar ki, yeni buzun formalaşmamasıdır. Temperatur -2 ilə +2 dərəcə arasında dəyişib və okean buz əmələ gələcək qədər soyumayıb. Nəticədə heyvanlar sığınacaq və qida bazasını itirir, daha cənuba miqrasiya etməyə məcbur qalırlar.
Qütb tədqiqatçıları bildirirlər ki, bu dəyişikliklər qlobal istiləşmə ilə bağlıdır və təkcə Antarktida üçün deyil, bütün planetin iqlimi üçün əhəmiyyət daşıyır.
Aydın
Şərhlər