Xəbər lenti

Prezident Tərtər və Ağdərəyə səfər etdi (YENİLƏNİB)
Foto 16:35 13.01.2026

Prezident Tərtər və Ağdərəyə səfər etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı olaraq yaradılıb. 1977-ci ilin aprelində fəaliyyətə başlayan zavodda elektrotexnika sənayesi məhsulları və xüsusi təyinatlı məhsullar istehsal edilib. İlk illərdə burada mühərrikli qayıqlar üçün "Taxometr-spidometr” məhsulları hazırlanıb.

Zavodun əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər elektromexanika zavodunun nazirliyin tabeliyinə verilib.

Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma "Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yerli mütəxəssisləri tərəfindən icra edilib. Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.

Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib, yeni istehsalat binaları və sahələri, həmçinin köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə yenidənqurma işləri aparılıb, texnoloji prosesin tələblərinə uyğun olaraq ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsalın həcmi artırılır. Ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, bir hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.

Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.

Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

"AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES "Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş "Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Stansiyanın ölkə enerjisiteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.

Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.

Fövlətimizin başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verildi.

Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.

Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Rza Vəziri dövlətimizin başçısına kompleks barədə məlumat verdilər.

Bildirildi ki, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.

"Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda "Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.

1993-cü ildən Ermənistanın işğalı altında olan "Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib.

Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.

Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.

Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında "AzerGold” QSC ilə ABŞ-ın "R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti "Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə təsdiq edilmiş Qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti "AzerGold” QSC-yə həvalə edilib.

Layihə çərçivəsində ətraf mühitin mühafizəsi üzrə kompleks tədbirlər həyata keçirilib. İlkin vəziyyətin qiymətləndirilməsi və ekoloji monitorinqlər aparılıb, nəticələr əsasında Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb. Layihə müddətində toz və səs emissiyalarının azaldılması, torpaq və su resurslarının qorunması məqsədilə müvafiq monitorinq, laborator analizlər, yaşıllaşdırma işləri və suyun təkrar dövriyyə sistemləri tətbiq olunur. Həmçinin fəaliyyət dayandırıldıqdan sonra ərazilərin texniki və bioloji rekultivasiyası təmin ediləcək.

Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.

Prezident İlham Əliyev süxurların partladılması üçün rəmzi düyməni basdı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.

Dövlətimizin başçısına kənddə icra olunan işlər barədə məlumat verildi.

Qeyd edildi ki, Çıldıran Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə aid "Alban məbədi” və XIII əsrə aid "Qırmızı məbəd” memarlıq abidələri yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

Kənddə 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb.

Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb.

Sonra Prezident İlham Əliyev kəndə köçmüş Verdi Abdullayevin ailəsinə baş çəkdi.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.


--> -->