Xəbər lenti

Ehsan, yoxsa xeyriyyəçilik - Hansı daha çox savab qazandırır?
Ölkə 11:41 13.04.2026

Ehsan, yoxsa xeyriyyəçilik - Hansı daha çox savab qazandırır?

Samux rayonunda atasını itirən bir kənd sakininin fərqli addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, ənənəvi ehsan mərasimi təşkil etmək əvəzinə, şəxsi vəsaiti hesabına kənddə uzun müddətdir bərbad vəziyyətdə olan küçələrə asfalt örtüyü çəkdirib. Bu təşəbbüslə həm atasının xatirəsini yad edib, həm də kənd sakinlərinin gündəlik həyatını xeyli asanlaşdırıb.

Sakinlər bu addımı yüksək qiymətləndirərək, belə təşəbbüslərin gələcəkdə də davamlı ənənəyə çevrilməsini arzuladıqlarını bildiriblər.

Bəs daha doğru yanaşma hansıdır? Dünyasını dəyişən şəxsin ruhuna ehsan vermək, yoxsa onun xatirəsini yaşatmaq üçün cəmiyyətə faydalı işlər görmək?

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ənənəvi olaraq yas mərasimlərində və ehsan süfrələrində məqsəd mərhumun ruhuna dua etmək, onun xatirəsini yad etmək və ehtiyacı olanlara yardım göstərmək olub:

"İslam dinində ehsanın əsas hikməti də məhz bundadır. Paylaşmaq, ehtiyac sahibinə əl tutmaq, savab qazanmaq və mərhumun ruhuna xeyir çatdırmaq dinimizin öyrətmək istədiyi əsas anlayışlardandır. Ehsan özünü göstərmək, lovğalıq vasitəsi deyil, səmimiyyət və xeyirxahlıq əməlinin təzahürüdür. Lakin zamanla bu ənənə bəzi hallarda mahiyyətindən uzaqlaşaraq, israf və göstəriş elementləri ilə yüklənib. Halbuki, İslam israfı qəti şəkildə qadağan edir. Qurani-Kərimdə israf edənlərin "şeytanın qardaşları” olduğu açıq şəkildə bəyan edilir. Bu ifadə israfın nə qədər ciddi və mənfi bir əməl olduğunu göstərir. Təəssüf ki, bu gün bəzi yas məclislərində süfrələrin həddindən artıq zəngin qurulması, insanların imkanlarını aşan xərclərə girməsi bu ilahi xəbərdarlığın unudulduğunu göstərir. Eyni vəziyyət daha qabarıq şəkildə toy məclislərində müşahidə olunur. Bəzən sadə bir sevinc mərasimi əvəzinə, böyük maliyyə yükünə çevrilən, israfın ən yüksək həddinə çatan tədbirlər təşkil edilir. Bir çox hallarda təməli yeni atılan gənc ailələr borc içində ailə həyatına başlayır, bu da ailə daxili problemlərin yaranmasına zəmin olur”. 
 


Rəsul Mirhəşimli vurğulayıb ki, yas mərasimi zamanı yemək-içmək məclisindən imtina edib, eyni vəsaiti yüzlərlə insanın gündəlik həyatını asanlaşdıracaq bir işə sərf etmək üçün atılan addım həm mərhum atasının xatirəsinə ehtiram, həm də cəmiyyətə xidmət kimi dəyərləndirilə bilər: 

"Belə əməllər təkcə bir günün deyil, uzun illər faydasını verir. İnsanların rahat hərəkəti, kəndin abadlaşması kimi nəticələr davamlı savab qazandıran işlərdir. İslamda "sədəqeyi-cariyə” anlayışı var. Bu ifadə davam edən savab anlamını verir. Yol çəkmək, su quyusu qazmaq, ağac əkmək kimi işlər insan dünyadan köçdükdən sonra da onun adına savab yazılmasına səbəb olur. Bu baxımdan, kənd yolunun təmiri kimi bir təşəbbüs həm mərhumun axirəti üçün böyük qazancdır, həm də bu işi görən şəxs üçün savab qapısıdır. İnsanlar bu cür xeyirxah əməlləri gördükdə dua edir, razılıq bildirir və bu dualar həm diri, həm də vəfat etmiş şəxslər üçün mənəvi qazanca çevrilir”.

Onun sözlərinə görə, ehsanın mahiyyəti formasında deyil, məzmunundadır:
 
"Əgər ayrılan vəsait cəmiyyətə real fayda verirsə, insanlara rahatlıq gətirirsə və uzunmüddətli xeyir yaradırsa, bu, ən gözəl ehsan nümunələrindən biri hesab oluna bilər. Xeyriyyə işi görmək kimi rast gəlinən belə nümunələr göstərir ki, ənənələri kor-koranə təkrarlamaq əvəzinə, onların ruhunu qoruyaraq daha faydalı istiqamətlərdə tətbiq etmək mümkündür. Bu yanaşma həm dini dəyərlərə daha uyğundur, həm də cəmiyyətin inkişafına töhfə verir”. 

Bahar Rüstəmli

--> -->