Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənildi (VİDEO)
Kredit götürmək istəyən vətəndaşın 450 manatı mənimsənilib.
Qaynarinfo xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən Lənkəran rayonu, Liman şəhər sakini Ramal Əliyev dələduzluqla üzləşdiyini iddia edir.
Zərərçəkmiş deyir ki, ona "WhatsApp" vasitəsilə zəng edilərək kredit kampaniyasına düşdüyü və adına 6 000 manat kredit ayrıldığı bildirilib.
Ramal Əliyevin sözlərinə görə, ilkin olaraq onunla bir qadın, daha sonra isə kişi danışaraq kreditin rəsmiləşdirilməsi üçün sığorta və depozit ödənişi edilməli olduğunu deyiblər.
Fırıldaqçıların toruna düşən Ramal Əliyev bildirib ki, sonradan ona kreditin artıq təsdiqləndiyi deyilib və hesabına vəsait köçürüləcəyi vəd olunub. Lakin vətəndaş daha sonra aldadıldığını anlayıb.
Çəkiliş aparılan zaman Ramal Əliyev bir neçə dəfə qarşı tərəfə zəng etsə də, bütün cəhdləri nəticəsiz qalıb, zənglərə cavab verən olmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, vətəndaşın müraciəti əsasında hazırda müvafiq polis orqanında araşdırma aparılır: "Bir daha vətəndaşlara internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmaları tövsiyə olunur".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər