Elektrikli avtomobil dünyasında ilk illərin böyük həyəcanı bir qədər səngimiş kimi görünsə də, sektor sakit, lakin dərin bir transformasiya prosesini davam etdirir.
Qaynarinfo xəbər verir i, "Deloitte”in 2026-cı il üzrə Qlobal Avtomobil İstehlakçı Araşdırması avtomobil bazarındakı tarazlıqların nə qədər həssas bir xətt üzərində hərəkət etdiyini göstərir.
ABŞ üzrə vəziyyətə baxdıqda, növbəti avtomobilinin tam elektrikli olmasını istəyənlərin payı cəmi 7 faiz səviyyəsində qalaraq ilk baxışda zəif mənzərə yaradır. Lakin detallar fərqli tablo ortaya qoyur: bu göstərici 2025-ci ildəki 5 faizlik tələblə müqayisədə təxminən 40 faizlik artım deməkdir. Buna baxmayaraq, amerikalıların 61 faizi hələ də ənənəvi daxiliyanma mühərriklərini əsas seçim kimi görür və bu vəziyyət ABŞ-ni qlobal bazarda demək olar ki, "istisna” mövqeyinə gətirir.
Almaniyada benzinlə işləyən avtomobillərə üstünlük verənlərin payı 50 faizdən aşağı düşüb. Çin və Cənubi Koreya kimi bazarlarda bu göstərici 40 faiz səviyyələrinə qədər geriləyib. Çində elektrikli avtomobillərə tələbat 20 faizə yüksəlib, Yaponiyada isə istehlakçılar tam elektrikli modellər əvəzinə 37 faiz kimi üstünlük təşkil edən nisbətlə hibrid avtomobillərə yönəlir.
ABŞ-dakı bu mühafizəkar mövqedə hökumətin ekoloji avtomobillərə dair stimulları ləğv etməsi və emissiya standartlarını yumşaltması kimi siyasi dəyişikliklərin rolu böyükdür. Avtomobil istehsalçıları illərdir Şimali Amerikada elektrikli avtomobil istehsal gücü yaratmaq üçün milyardlarla dollar xərcləyir, lakin bu investisiyaların geri dönüşünün gözləniləndən xeyli uzun çəkəcəyi ehtimal olunur.
Şarj problemi və proqram təminatlı avtomobillərə münasibət
Elektrikli avtomobil alınmasının qarşısındakı ən böyük maneə hələ də şarj ehtiyacıdır. ABŞ-da istehlakçıların 53 faizi evdə şarj imkanı olmadığını bildirir. Bu göstərici Çində cəmi 6 faiz, Almaniyada isə təxminən 20 faizdir. Amerikalıların böyük əksəriyyəti iş yerində şarj etməkdənsə, ev rahatlığını üstün tutur, lakin infrastrukturun yetərsizliyi keçidi ləngidir.
Maraqlıdır ki, elektrikli avtomobillərin yanacaqla işləyən nəqliyyat vasitələri ilə müqayisədə üç dəfə daha səmərəli olması faktı, ekoloji narahatlıqlardan daha ön plana çıxıb. Araşdırmada iştirak edənlərin yarıdan çoxu etiraf edib ki, ətraf mühiti qorumaqdansa, yanacaq xərclərini azaltmaq məqsədilə elektriki seçməyi düşünür. İstehlakçılar üçün "ideal qiymət aralığı” isə 20 min ilə 50 min ABŞ dolları arasında dəyişir.
"Proqram təminatı ilə müəyyən edilən avtomobillər” (SDV) bazarın digər mühüm mövzusu kimi önə çıxır. Keçmişdə şüşəqaldıran mexanizmdən əyləc sisteminə qədər hər bir detal ayrıca idarəetmə blokuna malik idisə, yeni nəsil avtomobillər bir neçə güclü kompüter tərəfindən idarə olunan iri ağıllı cihazlara çevrilir. Bu texnologiya avtomobilin servisdən kənar, internet üzərindən yenilənməsinə imkan verir.
Lakin amerikalı və avropalı istifadəçilər bu rəqəmsallaşmaya ehtiyatla yanaşır. ABŞ-lı alıcıların cəmi 7 faizi bu cür yeniləmələr üçün əlavə ödəniş etməyə hazır olduğunu bildirir. Çinli istehlakçıların isə yarısı yenilənə bilən avtomobil üçün 10 faiz daha çox ödəməyə razıdır. Bu mədəni fərq avtomobil istehsalçılarının "ağıllı avtomobil” strategiyalarını hansı bazarda uğurla reallaşdıra biləcəyini müəyyən edən əsas amillərdən biri hesab olunur.
Aydın
Şərhlər