Xəbər lenti

Qaxdakı dünya əhəmiyyətli abidə nə zaman bərpa olunacaq? (VİDEO)
Video 20:45 11.01.2026

Qaxdakı dünya əhəmiyyətli abidə nə zaman bərpa olunacaq? (VİDEO)

Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və dünya əhəmiyyətli memarlıq abidəsi hesab olunan Ləkit məbədi Qafqaz Albaniyasında və bütün Cənubi Qafqazda tetrakonx üslubunda tikilən ilk unikal abidədir.

Tarixçilər beşinci əsrdə inşa edildiyi bildirilən məbədin tarixinin daha qədim olduğunu və xristianlığın yayılmasından əvvəlki dövrün izlərini də daşıdığını qeyd edirlər. Hazırda isə abidə məhv olmaq üzrədir.

Tarixçi Vaqif Aydınov abidənin qorunması və bərpası ilə bağlı çağırış edərək bildirib: "Bu abidə bizim eranın əvvəllərinə aiddir. Hərçənd ki, V əsr kimi qeyd olunur, mən əminliklə deyə bilərəm ki, bura xristianlıq dövründən xeyli əvvəl də mövcud olub. Alimlər geniş tədqiqat aparmaqla məbədin yaşını daha dəqiq müəyyən edə bilərlər. Təəssüf ki, tikilinin uçub-dağılan yerləri çoxdur, dağıntılar artıq sərhədə çatıb. Abidənin konservasiya edilməsi vacibdir. Bundan əlavə, yaxınlıqda məbədin maketi inşa edilsə daha yaxşı olar".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, tarixi abidənin qorunması istiqamətində tədbirlər həyata keçirilir. Abidənin pasportu hazırlanıb, mühafizə zonası təsdiq edilib.
 
--> -->