Xəbər lenti

Hərbi süni intellekti kim daha tez ram edəcək? - ABŞ və Çin arasında silahlanma yarışı
Dünya 14:40 13.04.2026

Hərbi süni intellekti kim daha tez ram edəcək? - ABŞ və Çin arasında silahlanma yarışı

ABŞ ordusunda Çin tərəfindən nümayiş etdirilən və döyüşdə qırıcılarla birlikdə avtonom uçuş həyata keçirə bilən dron modelləri narahatlıq yaradıb. Pentaqonun qiymətləndirməsinə görə, ABŞ-ın pilotsuz döyüş texnologiyaları üzrə proqramı Çininkindən geri qala bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Buna cavab olaraq ABŞ müdafiə sənayesi şirkətlərini sürətləndirməyə çağırıb. Məsələn, Kaliforniyada yerləşən "Anduril” startapının dron istehsalı planlaşdırılandan 3 ay tez başladılıb.

Yeni sistemlərin əsas məqsədi süni intellekt vasitəsilə tam və ya qismən avtonom işləməkdir. Bu texnologiya insan müdaxiləsini azaldaraq hədəfin vurulması və ya müdafiə qərarlarının daha sürətli verilməsinə imkan yaradır. Bəzi dronların artıq yüksək sürət və yüksəklikdə koordinasiyalı hücumlar həyata keçirdiyi bildirilir.

"Yarış təkcə ABŞ və Çin arasında deyil", deyə məqalədə qeyd olunur. 

Rusiya və Ukrayna müharibə şəraitində texnoloji üstünlük qazanmağa çalışır, Hindistan, İsrail, İran və digər ölkələr də hərbi süni intellektə sərmayə qoyur. Avropa ölkələri isə NATO ilə bağlı qeyri-müəyyənlik fonunda silahlanmanı gücləndirir.

Mütəxəssislərə görə, süni intellekt insan kimi fasilə, yuxu və yorğunluq tələb etmir və bu da döyüşləri daha sürətli və gözlənilməz edir.

Məqalədə qeyd olunur ki, Çin və Rusiya artıq süni intellektin döyüş meydanında qərar verməsini sınaqdan keçirir. Çin onlarla dronun koordinasiyalı hücumunu planlaşdıran sistemlər hazırlayır, Rusiya isə "Lancet” tipli dronlara avtonom hədəf seçmə funksiyaları əlavə edir.

Praktik nümunə

ABŞ-da "Palantir” platforması vasitəsilə süni intellektin döyüş planlaşdırmasında istifadəsi sınaqdan keçirilib. Sistem peyk görüntülərini analiz edir, hədəfləri prioritetləşdirir və bir neçə saniyə ərzində hücum planı hazırlayır – hansı silahın istifadə olunması və logistika ehtiyacları daxil olmaqla.

Məlumata görə, Ukrayna da döyüş məlumat bazalarını "Palantir” və digər şirkətlərlə paylaşaraq süni intellekt sistemlərinin təliminə töhfə verir. Avropa ölkələri isə Ukrayna təcrübəsinə əsaslanaraq birgə hava hücumundan müdafiə sistemləri üzərində işləyir.

Ekspertlərin fikrincə, Çin istehsal gücünə görə bu sahədə ciddi üstünlük qazana bilər, çünki avtonom silahları böyük miqyasda istehsal etmək imkanı var.

Aydın
--> -->