Xəbər lenti

Qadınlar yumurtalarını dondurub istənilən yaşda hamilə qala bilərmi? - Ginekoloq
Sağlamlıq 19:00 28.08.2025

Qadınlar yumurtalarını dondurub istənilən yaşda hamilə qala bilərmi? - Ginekoloq

Xeyli müddətdir ki, sosial şəbəkələrdə hamilə qalmaq istəməyən qadınlara yumurtalarının dondurulması ilə bağlı çağırışlar səslənir. Hətta "30 yaşınızın üstündəsinizsə, hələ də ailə qurmaq istəmirsinizsə, bir uşağınız var, ikincisini düşünmürsünüz, onkoloji xəstəliyiniz varsa, hər hansı kimyaterapiya alacaqsınızsa, ailənizdə, nəslinizdə erkən menopoza girmək kimi bir durum varsa, mütləq yumurtalarınızı dondurun” deyənlərin arasında həkim-ginekoloqlar da var. 

Dondurulan yumurtaların 10-15 ildən sonra fəaliyyəti bərpa olunurmu?

Mamaginekoloq Rəşad Sultan Qaynarinfo-ya açıqlamasında hər bir qadının yumurtalıq rezervi anlayışının olduğunu bildirib:

"Bu nə deməkdir? Uşaq olmaq üçün kişidə kişi çinsi hüceyrələri, qadında da yumurta hüceyrələri tələb olunur. Bunlar birləşir, hamiləlik baş verir. Kişi cinsi hüceyrələri cinsiyyət vəzilərində bölünərək çoxalırlar. Ona görə də yaşdan asılı olmayaraq, kişi cinsiyyət hüceyrələrinin tükənməsi deyilən bir anlayış yoxdur. Amma qadın dünyaya gələndə müəyyən sayda cinsi hüceyrələrlə dünyaya gəlir. Bu hüceyrələr yumurtalıqlarda olur. Yaş keçdikcə həmin hüceyrələr azalır. Hüceyrələr bölünməklə çoxalmırlar. Yumurta hüceyrə ehtiyatının tükənməsi  və say məhdudiyyəti anlayışı var. Bu, biz həkimlər, eyni zamanda qadınlar üçün bir problemdir ki, müəyyən yaşdan sonra onlar ailə qurub uşaq sahibi olmaq istədikdə çətinlik çəkirlər”.



Ginekoloq təəssüflə vurğulayıb ki, müəyyən yaşdan sonra qadın ana ola bilmir:

"35 yaşdan sonra yumurtalıq rezervi, yəni yumurtalıqdakı yumurta hüceyrələri sürətlə tükənməyə başlayır. 43 yaşında isə tamamilə tükənir və praktik olaraq hamilə qalmaq mümküm deyil. Milyonda biri hamilə qala bilər, istisnalar qaydanı pozmaz. Ona görə də biz işlə, təhsillə, karyera ilə məşğul olan, sosial həyata özünü vermiş, yəni hələ ana olmaq istəməyən qadınlara tövsiyə edirik ki, öz həyat, karyera planlarını qurarkən bu elmi-tibbi faktları nəzərə alsınlar. Həmin planın arasında bu anlayış da olsun ki, yumurtalıq ehtiyatı tükənə bilir”.

Ginekoloq elmin inkişaf etdiyini də vurğulayıb:

"Bu məsələnin də həlli tapılıb. Tibb elmi bizə imkan verir ki, yumurtalıqlardan yumurta hüceyrə götürək və onu dondurub saxlayaq. Amma biz azərbaycanlılar hər şeyin şitini çıxardığımız kimi, bu məsələni də sanki elə-belə də olmalıdır kimi qəbul etmişik. Bu o demək deyil ki, hamı yumurtasını dondursun. Yumurta dondurma bir tibbi prosedurdur, müəyyən xəstələrə tibbi göstərişlərlə həyata keçirilir. Buna nə dərəcədə güvənmək olar? Yəni heç kim qarantiya vermir ki, kimsə yumurtasını donduracaq və istədiyi zaman üstünə isti suyu töküb açacaq, sonra da bundan istifadə edib hamilə qalacaq. Əlinlı qoymamısan ki, bu, süni mayalanmanın bir parçasıdır. 3-5-15-50 yumurta dondurdun, sonra 50 yaşında qərar verdin ki, hamilə qalasan. Birincisi, götürdüyün yumurta keyfiyyətli olmalıdır, bu olmadı, tükəndi getdi, neynəyəcəksən? İkincisi, məsələ sadəcə yumurtalıqda deyil, hamilə qaldınsa, onu yanaşı xəstəliklərlə necə yürüdəcəksən? Qan dövranı pozulmuş, miomalarla dolu olan uşaqlıqla, təzyiq, ürək, şəkər xəstəlikləri və s. ilə hamiləlik olmaz, riskdir”.

Rəşad Sultan analara bu tövsiyəni edib:

"Qadınlar karyera qurarkən yumurtalığın tükənmə, orqanizmin qocalması faktını nəzərdə saxlamlıdır. İnsanları aldadıb bu şəkildə təbliğat aparmaq lazım deyil. Mənim qədər qadınların sosial həyatda iştirakının tərafdarı olan ikinci bir ginekoloq yoxdur. Amma insanlara elə demək lazım deyil. Yumurtanı dondur, yüzdə-yüz kef elə, 15 ildən sonra donunu aç ki, hamilə qalacan. Olmur. İnsanlar plan qurarkən yumurtalığın tükənmə faktını nəzərdə saxlasınlar. Ancaq tibbi göstəriş olduğu təqdirdə yumurtalıqdan istifadə etmək olar”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->