Xəbər lenti

Rusiyanın üç ölkəyə Xəzərdə təlimlərlə bağlı təklifinin məqsədi nədir? (ŞƏRH)
Siyasət 16:08 10.10.2025

Rusiyanın üç ölkəyə Xəzərdə təlimlərlə bağlı təklifinin məqsədi nədir? (ŞƏRH)

"Rusiyanın Azərbaycan, İran və Qazaxıstana 2026-cı ildə hərbi-dəniz təlimləri keçirməklə bağlı təklifi aydın məsələdir ki, dünyada və regionda Moskvanın zəifləyən mövqeyilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Azərbaycan, Qazaxıstan və İrana 2026-cı ildə Xəzərdə birgə hərbi dəniz qüvvələrinin təlimlərini keçirəklə bağlı təklifini şərh edərkən deyib.

"Rusiya görür ki, Ukraynaya qarşı apardığı müharibə onu bir sıra platformalardan kənarlaşdırıb. Bu səbəbdən Kreml istəmir ki, Xəzər regionunda da  nüfuzu aşağı düşsün. Ona görə də çalışır ki, Tehran, Astana və Bakını öz iştirakı ilə hərbi-dəniz təlimlərinə cəlb etsin. Kreml özünün regionda, həm də Xəzərdə söz sahibi olduğunu göstərmək, təsdiq etmək istəyir", deyə Üzeyir Cəfərov bildirib.
 


Həmsöhbətimizin fikrincə, yaxın gələcəkdə Rusiyanın Xəzər dənizi akvatoriyasında da mövqeyi zəifləyəcək:

"Rusiya hazırda iqtisadi çətinliklərlə üz-üzədir. Hərbi gücü də müəyyən dərəcədə tükənib. Moskva gözəl bilir ki, ikitərəfli qaydada Azərbaycan-Qazaxıstan, Azərbaycan-İran, hətta üçtərəfli təlimlərin keçirilməsi müzakirə mövzusu olub. Ona görə Rusiya da həmin prosesə qoşulmaq istəyir. Rusiya onu da bilir ki, yaxın gələcəkdə bir sıra məsələlərdə çətinliklərlə baş-başa qalacaq. Xəzəryanı ölkələr də bu fonda ola bilsin ki, gələcəkdə Rusiyanın iştirakında maraqlı olmasın. Ona görə də bir növ həm qabaqdangəlmişlik edir, həm də çalışır ki, Xəzərdəki sovet dövründən qalma ənənəni itirməsin. Yaxın illərdə Rusiyanın Xəzərdə də mövqeyi zəifləyəcək".

Qeyd edək ki, Rusiya İran, Qazaxıstan və  Azərbaycana 2026-cı ildə Xəzəryanı ölkələrin birgə hərbi-dəniz təlimlərinin keçirilməsini təklif edib. Moskvanın elan etdiynə görə bu təlimlərdə məqsəd gəmiçilik və dəniz təsərrüfat fəaliyyəti obyektlərinin təhlükəsizliyini təmin etməyi təcrübədən keçirməkdən ibarətdir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->