İran-ABŞ münasibətlərindəki gərginliyin əsasında şahın 1979-cu ildə devrilməsi və Tehrandakı ABŞ səfirliyi əməkdaşlarının 444 gün ərzində girov saxlanılması dayanır. Bəs iki ölkə arasında münasibətlərdə qırılma yaradan və hətta filmlərə mövzu olan bu girov böhranında hansı hadisələr baş vermişdi?
Qaynarinfo xəbər verir ki, İranda 28 dekabrda iqtisadi problemlər səbəbilə başlayan etiraz aksiyaları hələ də davam edir. Son illərin ən genişmiqyaslı etiraz dalğası kimi xarakterizə olunan aksiyalar zamanı ölənlərin sayı ilə bağlı müxtəlif iddialar səsləndirilir, lakin dəqiq rəqəm hələ də məlum deyil. İran hakimiyyətinin ölkə daxilində interneti kəsməsi məlumatların əldə olunmasını xeyli çətinləşdirir. Son olaraq İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) həyatını itirənlərin sayının 2 min 550 nəfərə çatdığını açıqlayıb.
Başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla dünya hadisələri diqqətlə izləyir. ABŞ-ın mövqeyi isə fərqli yanaşma ilə seçilir. Prezident Donald Tramp sosial şəbəkə hesabında verdiyi açıqlama ilə diqqətləri Vaşinqtona yönəldib. O, bütün iranlı rəsmilərlə görüşləri ləğv etdiyini bildirərək deyib: "İranlı vətənpərvərlər, etirazlarınızı davam etdirin, qurumlarınızı ələ keçirin. Qatillərin və istismarçıların adlarını qeydə alın. Onlar ağır bədəl ödəyəcəklər. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşlərimi ləğv etdim. Yardım yoldadır".
İran–ABŞ münasibətlərinin illərdir gərgin olduğu məlumdur. "ABŞ İran hadisələrinə müdaxilə edəcəkmi" sualı müzakirə olunduğu bir vaxtda, bu gərginliyin kökləri də maraq doğurur. Mütəxəssislər bu yüksək gərginliyin başlanğıc nöqtəsi kimi 1979-cu ildə baş verən "girov böhranı”nı göstərirlər.
Şahın ABŞ-a sığınması hadisələri alovlandırdı
Tehrandakı ABŞ səfirliyinin qarşısında etiraz aksiyaları
Hadisələrin başlanğıcını anlamaq üçün 1970-ci illərin sonlarına nəzər salmaq lazımdır. Şah rejimi insan haqlarının pozulması, iqtisadi ədalətsizlik və azadlıqların məhdudlaşdırılması səbəbindən ciddi xalq narazılığı ilə üzləşmişdi. Ayətullah Ruhullah Xomeyni rəhbərliyində formalaşan müxalifət geniş xalq dəstəyi qazandı və 1979-cu il inqilabından sonra şah Məhəmməd Rza Pəhləvi ölkəni tərk etdi.
Pəhləvinin ABŞ-la yaxın münasibətləri inqilabçı dairələrdə dərin şübhə və düşmənçilik yaratmışdı. Nəhayət, o, 22 oktyabr 1979-cu ildə xərçəng müalicəsi bəhanəsi ilə ABŞ-a sığındı. Bu addım İranda Amerika əleyhdarlığını daha da gücləndirdi.
Diplomatik heyətin sayı 70-ə endirildi
Artan etirazlar fonunda ABŞ 1979-cu ilin əvvəlində Tehrandakı səfirlikdə çalışanların sayını 1 400 nəfərdən 70-ə endirdi. Eyni dövrdə Ayətullah Ruhullah Xomeyni 14 illik sürgündən sonra İrana qayıtdı.
Xomeyni İrana qayıtmaq üçün Parisdə "Air France" təyyarəsinin içərisində gözləyir
4 noyabr 1979-cu il səhəri təxminən 3 min nəfərlik Xomeynini dəstəkləyən tələbə qrupu ABŞ-ın Tehran səfirliyini işğal etdi. Şahın İrana qaytarılmasını və ABŞ-ın ölkənin daxili işlərinə müdaxiləsini etiraz edən tələbələr səfirliyə zorla daxil olaraq 66 ABŞ vətəndaşını girov götürdülər. Daha sonra qadınlar və afroamerikalı 13 nəfər azad edildi, bir nəfər isə 1980-ci ilin iyulunda xəstəliyi səbəbilə buraxıldı. Qalan 52 amerikalı isə 444 gün girov saxlanıldı.
Tehrandakı ABŞ səfirliyinin qarşısı
İşğal Xomeyni tərəfindən dəstəkləndi
Səfirliyin işğalı Ayətullah Xomeyni tərəfindən də açıq şəkildə dəstəkləndi. O, ABŞ-ı "böyük şeytan” adlandıraraq hadisəni legitim saydı. ABŞ üçün bu hadisə təkcə diplomatik böhran deyil, həm də milli ləyaqətə zərbə kimi qiymətləndirildi.
Girovların azad olunması üçün aparılan diplomatik cəhdlər nəticə vermədi. Hətta ABŞ-ın sabiq ədliyyə naziri Remzi Klarkın rəhbərlik etdiyi nümayəndə heyətinin İrana girişi rədd edildi. İranın baş naziri Mehdi Bazərqan girovların azad edilməməsinə etiraz olaraq 6 noyabr 1979-cu ildə istefa verdi.
Girovlardan biri gözləri və əlləri bağlı şəkildə aparılır
Aylarla davam edən danışıqlar
İran hakimiyyəti ABŞ-ın daxili işlərə müdaxilədən imtina etməsi, şahın İrana qaytarılması və onun sərvətinin "oğurlanmış” elan olunması şərti ilə girovların buraxılacağını bildirdi. ABŞ isə cavab olaraq İrana qarşı sanksiyalar tətbiq etdi.
28 yanvar 1980-ci ildə Kanadalı diplomatların köməyi ilə altı amerikalı diplomat İrandan gizli şəkildə çıxarıldı. Bu hadisə sonradan 2012-ci ildə çəkilmiş "Arqo əməliyyatı” filminə mövzu oldu. Filmin prodüseri və rejissoru Ben Afflekdir və çəkilişlərin bir hissəsi İstanbulda aparılıb.
Girov böhranından bəhs edən "Arqo əməliyyatı" filmindən bir səhnə
Uğursuz hərbi əməliyyat
ABŞ 24 aprel 1980-ci ildə "Qartal pəncəsi əməliyyatı” adlı xilasetmə əməliyyatına başladı. Lakin Texbes səhrasında baş verən qum fırtınası və texniki nasazlıqlar səbəbilə əməliyyat uğursuzluqla nəticələndi. Səkkiz ABŞ hərbçisi həlak oldu.
Bu fiasko ABŞ-da ictimai narazılığı artırdı və 1980-ci il prezident seçkilərində Cimmi Karterin məğlubiyyətinə, Ronald Reyqanın isə qələbəsinə zəmin yaratdı.
Uğursuz "Qartal pəncəsi əməliyyatı"ndan sonra
Böhran necə sona çatdı?
1980-ci ilin sonlarında Əlcəzairin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində "Əlcəzair razılaşması” imzalandı. Razılaşmaya əsasən, ABŞ İranın xaricdəki bəzi aktivlərini azad etdi. Girovlar 20 yanvar 1981-ci ildə, Ronald Reyqanın prezident andı içməsindən bir neçə dəqiqə sonra sərbəst buraxıldı.
Etirazçılar səfirliyin işğalını dəstəkləyən nümayişlər zamanı "Sem əmi" heykəlini yandırırlar
Münasibətlərdə tam qopma
Girov böhranı ABŞ–İran münasibətlərində qalıcı qırılmaya səbəb oldu. Hadisədən sonra ABŞ İranı Yaxın Şərqdə "ən böyük təhdid” kimi dəyərləndirməyə başladı və genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etdi. Bu böhran regiondakı geosiyasi balanslara da ciddi təsir göstərdi.
Mənbələr: "CNN International", "Britannica", Anadolu Agentliyi
Aydın
Şərhlər