Xəbər lenti

Amerikalılar Putinin Ukrayna ilə sülh sazişini pozmayacağına inanırlarmı?
Dünya 12:45 28.08.2025

Amerikalılar Putinin Ukrayna ilə sülh sazişini pozmayacağına inanırlarmı?

Sorğuya qatılan amerikalı seçicilərin üçdə dördü Vladimir Putinin Ukraynada müharibəni dayandırmaq üçün əldə olunacaq hər hansı sülh sazişinə əməl edəcəyinə inanmadığını bildirib. 

Qaynarinfo "The Hill”ə istinadla xəbər verir ki, bu barədə Konnektikut ştatındakı Kvinnipiek Universitetinin sorğusunun nəticələrindən görünür.

Məlumata görə, seçicilərin 76%-i Rusiyanın prezidentinin sülh sazişinə əməl etməyəcəyini düşünür. Yalnız 18%-i isə belə bir saziş əldə olunacağı təqdirdə Putinin buna əməl edəcəyinə əmindir.

"Amerikalı seçicilər arasında ümumi etimadsızlıq mövcuddur, amma xüsusilə də demokratlar arasında – onların 91%-i Putinin sülh sazişi bağlanacağı halda sözündə durmayacağına inanır”, deyə nəşr dəqiqləşdirilib. Bununla yanaşı, 77% müstəqil seçici və 62% respublikaçı da demokratların Putinə olan etimadsızlığını bölüşür.

Sorğu ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında müharibəni dayandırmaq üçün vasitəçilik etməyə çalışdığı dövrdə keçirilib. Təxminən iki həftə əvvəl o, Alyaskada Putinlə mühüm sammit keçirib, ötən həftənin əvvəlində isə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və digər Avropa müttəfiqləri ilə görüşüb.

Yeni sorğuda iştirak edənlərin əksəriyyəti – 59% – Trampın iki ölkə arasında davamlı sülh əldə edə biləcəyinə əmin olmadığını bildirib. Onlardan 20%-i "çox da əmin deyil”, 39%-i isə "ümumiyyətlə əmin deyil”. Eyni zamanda 40% respondent Trampın sazişə nail ola biləcəyinə inandığını ifadə edib. Onların 15%-i "tam əmindir”, 25%-i isə "qismən əmindir”.

Sorğu avqustun 21–25-də, partiya mənsubiyyətini özü müəyyənləşdirən 1220 qeydiyyatdan keçmiş seçici arasında keçirilib.

Bundan əvvəl "The Economist” Trampın irəli sürdüyü sazişi tənqid etmişdi. Nəşrin bir şərhçisinin sözlərinə görə, səmimi sülh arzusu əvvəlcə atəşkəslə başlamalıdır ki, elektrik enerjisinin Ukraynaya verilməsi kimi məsələlər "addım-addım” həll edilsin, dərhal sülh sazişindən yox.

"The Economist” həmçinin əlavə edib ki, sülh hər iki tərəfə minimum tələblərlə başlamalıdır, bir tərəfin maksimal tələbləri ilə yox.

Bununla yanaşı, "Atlantic Council” Trampın Ukraynadakı müharibəni hansı mexanizmlə dayandıra biləcəyini izah edib. Nəşrin fikrincə, ABŞ-ın əsas vəzifəsi hazırda Qərbin danışıqlardakı mövqeyini gücləndirmək və daha çox təsir rıçaqları yaratmaqdır ki, Ukraynadakı müharibəyə son qoyulsun.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->