1958-ci ildə sirli şəkildə yoxa çıxan beş nəfərlik Martin ailəsi ilə bağlı onilliklərdir davam edən müəmmaya yeni işıq düşüb.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın Kolumbiya çayında bir avtomobilin və insan qalıqlarının aşkarlanması, ölkə tarixinin ən uzunmüddətli itkin hadisələrindən birini yenidən gündəmə gətirib.
Yoxa çıxan ailə
7 dekabr 1958-ci ildə Kennet və Barbara Martin, qızları Barbara (14), Vircinia (13) və Suzan Marqaret (11) ilə birlikdə Oregon ştatındakı evlərindən Milad hazırlıqları üçün yol çıxıblar. Lakin ailədən bir daha xəbər alınmayıb.
Axtarışlar ölkə miqyasında geniş rezonans doğurub. Bir çox fərqli ştatdan ailənin görüldüyünə dair iddialar gəlsə də, heç biri təsdiqlənməyib.
1959-cu ilin mayında Kolumbiya çayında iki qızın - Vircinia və Suzan Marqaretin cəsədləri tapılıb. Bu tapıntı araşdırmanı dərinləşdirib, lakin ata Kennet, ana Barbara və böyük qızları Barbara barədə heç bir izə rast gəlinməyib. Hadisə qəza ehtimalı ilə bağlanıb, lakin sonrakı tapıntılar şübhələr doğurub: Yaxınlıqda bir silah tapılıb, ekspertiza isə uşaqlardan birində güllə yarası ola biləcək izlər aşkarlayıb.
Dalğıcın israrlı axtarışları
Hadisədən altmış ildən çox vaxt keçsə də, bəzi şəxslər üçün müəmmalı ailə yoxa çıxması hələ də cavabsız sual olaraq qalırdı. Onlardan biri də dalğıc Arçer Mayo idi. O, 2018-ci ildən başlayaraq bölgəni araşdırıb, suyun hərəkətlərini, coğrafi quruluşu və tarixi faktları təhlil edərək mümkün batan avtomobilin yerini müəyyənləşdirməyə çalışıb.
2024-cü ilin noyabrında Mayo nəhayət nəticə əldə edib: çayın 15 metr dərinliyində palçıqla örtülmüş, 1954-cü il istehsalı "Ford Station Wagon" aşkar olunub. Bu, Martin ailəsinin həmin gün istifadə etdiyi avtomobillə üst-üstə düşür.
Yeni sübutlar
2025-ci ilin yayında Mayo yenidən dalış edərək avtomobilin içində diqqətəlayiq tapıntılar əldə edib. Ən mühümü, neylon corabın içində bükülmüş insan qalıqları idi. Tapıntılar hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda qalıqların Martin ailəsinə aid olub-olmadığını müəyyənləşdirmək üçün DNT analizləri aparılır.
Hud River şerifi Mett Engliş bildirib: "Avtomobilin içindən çıxanlara görə, hadisə yenidən təsnif edilə bilər. Həm qəza, həm də cinayət ehtimalları nəzərdən keçirilir".
Açıq qalan suallar
Ən geniş qəbul edilən ehtimala görə, Kennet Martin gecə qaralığında avtomobili idarə edərkən məsafəni səhv hesablayaraq çaya düşüb. Digər tərəfdən, tapılmış silah və güllə izi, habelə qurumuş qan izləri, qətl ehtimalını da gündəmdə saxlayır.
Hadisə ilə bağlı heç vaxt cinayət araşdırması açılmasa da, indi yeni tapıntılar bu dosyanın yenidən açılmasına səbəb ola bilər. Ailənin böyük oğlu Donald, həmin vaxt 28 yaşında Nyu-Yorkda yaşayıb və valideynlərinin necə yoxa çıxdığını heç vaxt anlaya bilmədiyini deyib.
67 ildən sonra ümid işığı
Martin ailəsinin yoxa çıxması ABŞ tarixində həll olunmamış ən məşhur ailə faciələrindən biri kimi xatırlanır. Lakin dalğıc Arçer Mayonun səyləri nəticəsində 67 ildən sonra işığın ucu görünüb.
İndi bütün gözlər aparılacaq DNT analizlərindədir. Qalıqların ailəyə aid olduğunun təsdiqlənməsi həm onların yaxınları, həm də bu işi illərdir izləyən ictimaiyyət üçün bağlanış ola bilər.
Aydın
Şərhlər