Xəbər lenti

Balans itir, yarış başlayır: 20 ölkə nüvə silahına doğru irəliləyir
Dünya 19:01 22.04.2026

Balans itir, yarış başlayır: 20 ölkə nüvə silahına doğru irəliləyir

Dünya II Dünya müharibəsindən sonra formalaşmış nüvə balansını itirmək üzrədir. ABŞ-İsrail-İran xəttində gərginliyin artdığı bir vaxtda Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) ciddi xəbərdarlıq səslənib: "Təxminən 20 ölkə nüvə silahına doğru irəliləyə bilər".

Qaynarinfo xəbər verir ki, müasir beynəlxalq sistem əsasən II Dünya müharibəsindən çıxarılan dərslər əsasında qurulub. Həmin dövrdə Xiroşima və Naqasakiyə atılan atom bombaları nüvə silahının dağıdıcı gücünü ortaya qoyub və bunun təkrarlanmaması üçün müxtəlif mexanizmlər yaradılıb. Bu mexanizmlərin ən önəmlilərindən biri də BMT nəzdində fəaliyyət göstərən UAEA hesab olunur.

Gərginlik nüvə riskini artırır

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları qlobal miqyasda gərginliyi artırıb. Nüvə silahı ilə bağlı təhdidlər artıq açıq şəkildə səsləndirilir. MAQATE-nin baş direktoru Rafael Qrossi "The Telegraph” nəşrinə müsahibəsində bildirib ki, münaqişə və qeyri-sabitlik mühiti təxminən 20 ölkəni nüvə silahı əldə etməyə sövq edə bilər.

Qrossi qeyd edib ki, əvvəllər nüvə silahı hazırlamayacaqlarını öhdəlik kimi qəbul edən bəzi ölkələr artıq bu mövzunu açıq müzakirə edirlər. Bu isə dünyanı yeni nüvə silahlanma yarışına yaxınlaşdırır.

Beynəlxalq razılaşmalar zəifləyirmi?

Nüvə silahlarının yayılmasının qarşısını almaq üçün 1970-ci ildə qüvvəyə minmiş Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi (START) hazırda 191 ölkəni əhatə edir. Müqaviləyə əsasən, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin kimi nüvə dövlətləri bu texnologiyanı yaymamağı öhdələrinə götürüb.

Bununla yanaşı, ABŞ və Rusiya arasında nüvə silahlarını məhdudlaşdıran "Yeni START” müqaviləsinin 5 fevral 2026-cı ildə başa çatması qlobal təhlükəsizlik baxımından narahatlıq doğurur.

Ekspertlər: Risk artır, amma nəzarət hələ qalır

Beynəlxalq münasibətlər üzrə ekspert professor Həsən Köni bildirib ki, orta ölçülü dövlətlərdə "nüvə silahımız olsa, bizə hücum etməzlər” düşüncəsi güclənir. Onun sözlərinə görə, bir ölkənin nüvə silahı əldə etməsi digərlərini də eyni addımı atmağa sövq edir və bu, zəncirvari reaksiyaya səbəb olur.

Professor Mehmet Seyfəddin Erol isə qeyd edib ki, beynəlxalq sistemdə etimadsızlıq artsa da, vəziyyət hələ tam nəzarətdən çıxmayıb. Onun fikrincə, NPT hələ də qlobal miqyasda mühüm "əyləc mexanizmi” rolunu oynayır.

Erol əlavə edib ki, hazırkı əsas təhlükə ani nüvə müharibəsi deyil, daha çox tədricən artan risklər, yanlış hesablamalar və regional gərginliklərin dərinləşməsidir.

Ən böyük təhdid hansı tərəflərdən gəlir?

Ekspertlərin fikrincə, nüvə təhlükəsi bir neçə əsas aktordan qaynaqlanır. Şimali Koreya qeyri-proqnozlaşdırılan siyasəti ilə ön plandadır. Rusiya Ukrayna müharibəsi fonunda nüvə potensialını tez-tez gündəmə gətirir. Çin isə sürətlə artan hərbi gücü ilə diqqət çəkir.

Bundan əlavə, Hindistan və Pakistan arasında davam edən gərginlik də nüvə riski baxımından həssas bölgələrdən biri hesab olunur. ABŞ və İsrailin də nüvə silahından istifadə ehtimalı ilə bağlı narahatlıqların artdığı qeyd edilir.

Ümumi qiymətləndirməyə görə, dünya kritik bir həddə yaxınlaşsa da, hələ geri dönüşü olmayan nöqtəyə çatmayıb. Diplomatik mexanizmlər, qarşılıqlı iqtisadi asılılıq və beynəlxalq təzyiqlər hələlik vəziyyəti müəyyən qədər nəzarətdə saxlayır.

Aydın
--> -->