Xəbər lenti

Tunellər, koridorlar və
Dünya 21:46 22.04.2026

Tunellər, koridorlar və "korpus": Tədqiqatçılar Nuhun gəmisini tapdıqlarına inanırlar

Türkiyənin dağlıq ərazisində tədqiqatçılar Nuhun gəmisinə aid ola biləcək yeni tapıntılar aşkar etdiklərini bildiriblər. Söhbət Ağrı dağı yaxınlığındakı Durupınar formasiyasında aşkarlanan yeraltı strukturlardan gedir.

Qaynarinfo bu barədə "Daily Mail”ə istinadən xəbər verir.

"Noah’s Ark Scans” komandası georadar vasitəsilə tunellər və boşluqlardan ibarət şəbəkə qeydə alıb. Onların sözlərinə görə, bu strukturlar mərkəzi kameraya aparan "koridorlar” sistemi yaradır. Tədqiqatçı Endryu Cons bu quruluşun Bibliyada təsvir edilən çoxsəviyyəli gəmi ilə uyğun ola biləcəyini iddia edir.

Əlavə olaraq, infraqırmızı termal analizlər yer altında gəmi formasına bənzər bir obyektin ola biləcəyini göstərir. Torpaq nümunələrində isə ağac çürüməsinin qalığı ola biləcək yüksək kalium tərkibi aşkarlanıb.
 


Durupınar formasiyası 1948-ci ildə güclü yağışlar və torpaq sürüşməsindən sonra aşkar edilib. O, Bibliyada Nuhun gəmisinin Böyük Tufandan sonra dayandığı yer kimi qeyd edilən Ağrı dağından təxminən 29 km məsafədə yerləşir.

Buna baxmayaraq, elmi ictimaiyyət bu iddialara skeptik yanaşır. Bir çox tədqiqatçı bu formanın insan tərəfindən yaradılmış quruluş deyil, təbii geoloji proseslərin nəticəsi olduğunu bildirir.

"Noah’s Ark Scans” komandası isə araşdırmaları davam etdirməyi və hətta yeraltı boşluqlara kameralar göndərməyi, eləcə də qazma işləri aparmağı planlaşdırır.

Aydın
--> -->