Xəbər lenti

Ekonomiks 13:03 28.05.2026

"Əsas məsələ icra mexanizmidir" - Emin Əliyev

Prezident İlham Əliyev mayın 25-də kənd təsərrüfatına dair müşavirə keçirib. Müşavirədə aqrar sektorda mövcud problemlər, məhsuldarlıq, heyvandarlıq, su ehtiyatlarından istifadə və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.
 
Daha sonra Prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Həm müşavirədə səsləndirilən fikirlər, həm də qəbul edilən Dövlət Proqramı ictimaiyyətdə və ekspert dairələrində geniş müzakirə olunur. Aqrar sektorun gələcək inkişaf istiqamətləri ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında fəaliyyət göstərən İctimai Şuranın sədr müavini, "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvü Emin Əliyev əvvəlcə diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən müşavirəyə diqqət çəkib. 

O bildirib ki, müşavirədə kənd təsərrüfatında mövcud problemlərin açıq şəkildə müzakirə olunması diqqət çəkən məqamlardan biridir.

Emin Əliyev qeyd edib ki, xüsusilə kənd təsərrüfatı nazirinin təqdimatında heyvandarlıq sahəsində geriləmə, buğda məhsuldarlığının aşağı olması, ət istehsalının daxili tələbatı ödəməməsi və resurs səmərəsizliyi kimi problemlərin açıq şəkildə səsləndirilməsi əvvəlki illərin "nailiyyət hesabatı” formatından fərqlənirdi: 

"Artıq görünür ki, aqrar sektorda yalnız subsidiya siyasəti ilə nəticə əldə etməyin mümkün olmadığı başa düşülür”.

Ekspertin fikrincə, təqdimatda "transformasiya”, "dəyər zənciri”, "innovasiya”, "rəqəmsallaşma” və "institusional islahat” kimi anlayışların ön plana çıxması müsbət haldır. Bununla belə, o hesab edir ki, əsas məsələ bu yanaşmaların real struktur dəyişikliklərinə çevrilməsidir:
 
"Azərbaycanda əsas problem strategiya sənədi yox, icra mexanizmidir. İndiyədək müxtəlif proqramlar qəbul olunsa da, bir çox hallarda praktik nəticələr zəif olub”.

Emin Əliyev proqramda orqanik kənd təsərrüfatı, premium aqrar ixrac və aqrar brendləşmə istiqamətlərinin zəif görünməsini də diqqətə çatdırıb. 

Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüyü kütləvi taxıl istehsalında deyil, yüksək əlavə dəyər yaradan niş və ekoloji təmiz məhsullardadır: 

"Bizim Ukrayna və ya Qazaxıstan kimi böyük taxıl resurslarımız yoxdur. Azərbaycanın üstünlüyü orqanik məhsullar, təbii bal, dərman bitkiləri, premium meyvə-tərəvəzçilik və süd məhsulları kimi sahələrdə ola bilər”.

Ekspert hesab edir ki, ölkədə "ən çox məhsul” istehsal etmək deyil, "ən çox iqtisadi dəyər” yaratmaq modeli əsas prioritet olmalıdır. O, həmçinin proqramda insan kapitalı məsələsinin zəif göründüyünü bildirib:
 
"Müasir aqrar sektor artıq yalnız torpaq və texnika deyil. Bu sahə data analitikası, süni intellekt, genetika, logistika və aqrar marketinq deməkdir. Güclü insan kapitalı olmadan transformasiya yarımçıq qalacaq”.

Aydın
--> -->