Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda heyvandarlıq sektorunun inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər aqrar sahənin gələcək inkişafı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Xüsusilə intensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi, yüksək məhsuldar cins heyvanların sayının artırılması və məhsuldarlıq göstəricilərinin yüksəldilməsi qarşıdakı dövr üçün əsas prioritetlərdəndir.
Dövlət Proqramında nəzərdə tutulan bu hədəflərin ölkənin ərzaq təhlükəsizliyinə, fermer təsərrüfatlarının inkişafına və heyvandarlıq sektorunun modernləşdirilməsinə təsiri ilə bağlı Qaynarinfo-nun suallarını Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın katibi, ADAU-nun Zoomühəndislik fakültəsinin dekan müavini, "Azərbaycan Maarifçilər Assosiasiyası”nın üzvü Günel Əmiri cavablandırır.
- Günel xanım, Dövlət Proqramında 2030-cu ilədək nəzərdə tutulan hədəflər heyvandarlıq sektorunun inkişafına necə töhfə verəcək?
- Dövlət Proqramında yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının 2.5 faizdən 10 faizə çatdırılması hədəflənir. Bu yanaşma ilk növbədə məhsuldarlığın artırılmasına xidmət edir. Çünki müasir və məhsuldar cinslərin tətbiqi həm süd, həm də ət istehsalında daha yüksək nəticələr əldə etməyə imkan yaradır. Bu isə fermerlərin gəlirlərinin artmasına, istehsal xərclərinin optimallaşdırılmasına və ümumilikdə heyvandarlıq sektorunun daha dayanıqlı inkişafına müsbət təsir göstərəcək.
- Bəs intensiv heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi məhsuldarlığın artımında hansı üstünlüklər yaradır?
- İntensiv heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi də mühüm istiqamətlərdən biridir. Müasir intensiv təsərrüfatlarda yemləmə, saxlanma, baytarlıq nəzarəti və məhsuldarlıq monitorinqi daha sistemli şəkildə həyata keçirilir. Nəticədə heyvanların sağlamlığı qorunur, məhsuldarlıq yüksəlir və itkilər minimuma enir. Ənənəvi üsullarla müqayisədə intensiv model daha az resursla daha yüksək nəticə əldə etməyə imkan verir.
- Necə düşünürsünüz, süd və ət istehsalında planlaşdırılan artımın ərzaq təhlükəsizliyinə təsiri necə olacaq?
- Süd istehsalının təxminən 10 faiz, mal əti istehsalının isə 20 faiz artırılması ilə bağlı müəyyən edilən hədəflər ölkənin ərzaq təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Yerli istehsalın artması daxili bazarın daha dayanıqlı təmin olunmasına, idxaldan asılılığın azalmasına və qiymət sabitliyinin qorunmasına müsbət təsir göstərə bilər. Xüsusilə mal əti ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi strateji baxımdan vacib məsələlərdən biridir.
- Günel xanım, heyvandarlıqda müasir texnologiyaların tətbiqi (yemləmə, saxlanma, monitorinq) məhsuldarlığı necə artırır?
- Müasir texnologiyaların tətbiqi də heyvandarlıq sektorunun inkişafında əsas amillərdən hesab olunur. Bu gün yemləmə sistemlərinin avtomatlaşdırılması, rəqəmsal monitorinq, heyvanların sağlamlıq göstəricilərinin izlənməsi və müasir saxlanma şəraiti məhsuldarlığın yüksəldilməsində mühüm rol oynayır. Düzgün yem rasionu və nəzarət sistemi həm süd məhsuldarlığını artırır, həm də heyvanların sağlam inkişafına şərait yaradır.
Eyni zamanda bu proses fermerlərin maarifləndirilməsini və peşəkar biliklərinin artırılmasını da zəruri edir. Müasir heyvandarlıq artıq yalnız ənənəvi təsərrüfat modeli deyil, eyni zamanda texnologiya, idarəetmə və elmi yanaşma tələb edən strateji sahədir.
Ümumilikdə Dövlət Proqramında müəyyən olunan hədəflər heyvandarlıq sektorunun daha məhsuldar, rəqabətqabiliyyətli və dayanıqlı inkişafına ciddi töhfə verəcək. Bu isə həm ərzaq təhlükəsizliyinin gücləndirilməsi, həm regionların inkişafı, həm də kənd yerlərində məşğulluğun artırılması baxımından mühüm nəticələr yaradacaq.
Günay İlqarqızı
Şərhlər