Azərbaycanda aqrar sektor ciddi geriləmə mərhələsinə daxil olub. 2025-ci ilin oktyabr ayına olan statistik göstəricilərə görə, ölkədə iribuynuzlu mal-qaranın sayı 2 438 800 baş, xırdabuynuzlu heyvanların sayı isə 6 763 700 baş təşkil edib. Bu, 2024-cü illə müqayisədə iribuynuzlu heyvanların sayında təxminən 2 faiz (50 500 baş), xırdabuynuzlu heyvanların sayında isə 3,5 faiz (242 min baş) azalma deməkdir.
Ümumilikdə isə son 5 ildə qoyun və keçilərin sayı təxminən 1,3 milyon baş, iribuynuzlu mal-qara isə 200 mindən çox azalıb.
Bəs aqrar sektorun dirçəlməsi üçün hansı addımlar atılmalıdır?
Sabiq deputat Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, heyvandarlığın və ümumilikdə kənd təsərrüfatının inkişafı bir çox amillərdən asılıdır:
"Bu sahədə hər şey kənddə formalaşır, torpaqda yetişir. Bunun üçün ilk növbədə şərait yaradılmalıdır. Kəndin sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar hazırlanmalıdır. Bu sahə əsasən ailə təsərrüfatlarına söykənir. Ailələrin ət, süd və digər kənd təsərrüfatı məhsullarının istehsalındakı payı artdıqca, bazara çıxarılan məhsulun həcmi də çoxalacaq. Hazırda kəndçi öz tələbatını ödəmək üçün məhsulu bazardan alır, özü istehsal etmir. Xaricdən gətirilən məhsullara üstünlük verilir. Yerli istehsal üçün isə stimullar yaradılmalıdır. Sovet dövründə tədarük məntəqələri vardı, ət qəbulu və emalı, kolbasa istehsalı təşkil olunurdu. Bu kompleks məsələlər kənd səviyyəsində həllini tapmır. Bunun üçün kəndin sosial-iqtisadi inkişafı yerində təmin edilməlidir”.
Əli Əlirzayevin sözlərinə görə, hazırda kənddə yaşayan ailələrin bir qismi ümumiyyətlə heyvandarlıqla məşğul olmur:
"Bu səbəbdən heyvanların sayı azalmağa doğru gedir. Hesab edirəm ki, vəziyyət getdikcə daha da ağırlaşacaq. Kənddə heyvandarlığın inkişafı üçün kompleks tədbirlər görülməlidir. Bu, dövlət mexanizmləri vasitəsilə həll olunmalıdır. Təşkilati və iqtisadi struktur təkmilləşdirilməlidir. Kəndçidə stimul yaradılmalı, sığorta sistemi işləməlidir. Torpağı olan kəndçi onu əkib-becərməlidir. Bunun üçün lazımi şərait yaradılmalıdır. Məsələn, məhsulun yetişməsi üçün vaxtında suvarma vacibdir. Bu imkan varmı? Uzun illər bu sahədə çalışmış biri kimi deyə bilərəm ki, Azərbaycanda kəndin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Vaxtilə kənd təsərrüfatı məhsulları kənddən şəhərə daşınırdısa, bu gün əksinə, məhsullar şəhərdən kəndə aparılır”.
Əli Əlirzayev vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının şəhərdən kəndə daşınması problemin miqyasının nə qədər ciddi olduğunu açıq şəkildə göstərir.
Bahar Rüstəmli
Şərhlər