İranla 39 gün davam edən hərbi kampaniyadan sonra ABŞ əsas raket sistemlərinin kritik həcmdə ehtiyatını xərcləyib. Bəzi silah növlərinin tam bərpası üçün 2031-ci ilə qədər gözləmək lazım gələcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilində bildirilir.
ABŞ müdafiə naziri Pit Heqset problemi açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, ehtiyatların bərpası silah sistemindən asılı olaraq aylar və illər çəkəcək.
CSIS-in təhlili bu qiymətləndirməni təsdiqləyib və yeddi əsas silah növü üzrə konkret müddətləri açıqlayıb.
Hesabata görə, ən uzun müddət "Tomahawk” qanadlı raketlərinin bərpası üçün tələb olunacaq. İranla müharibə zamanı ABŞ bu raketlərdən 1000-dən çox istifadə edib. Hazırda isə onların illik istehsalı 200 ədəddən azdır. Halbuki istehsalçı "Raytheon” texniki baxımdan ildə 1000-dən çox raket istehsal edə bilər.
CSIS qeyd edir ki, "Tomahawk” ehtiyatları yalnız 2030-cu ilin sonu – 2031-ci ilin əvvəlində müharibədən əvvəlki səviyyəyə qayıdacaq.
Müharibə dövründə 190-290 ədəd xərclənmiş "THAAD” raket əleyhinə sistemlərinin ehtiyatlarının isə 2029-cu ilin ortaları və ya sonlarına qədər bərpa ediləcəyi proqnozlaşdırılır. ABŞ ordusu 2027-ci maliyyə ili büdcəsində 857 ədəd "THAAD” tutucu raketi sifariş edib.
"Patriot” sistemləri ilə bağlı vəziyyət daha mürəkkəbdir. ABŞ bu raketlərdən 1060-1430 ədəd istifadə edib və eyni zamanda onları Rusiyanın hücumlarından müdafiə üçün Ukraynaya göndərməyə davam edir. Yeni raketlərin böyük partiyalarının Amerika anbarlarına çatdırılması yalnız 2029-cu ilin may ayından başlayacaq. Ordu 2027-ci il büdcəsində rekord həcmdə — 3203 ədəd "Patriot” tutucu raketi sifariş edib.
"SM-3” və "SM-6” dəniz raketləri isə daha az intensiv istifadə olunub, çünki ABŞ donanması Fars körfəzindən uzaqda fəaliyyət göstərib. Ekspertlərin qiymətləndirməsinə görə, onların ehtiyatlarının bərpası təxminən iki il çəkəcək: "SM-6” raketləri 2028-ci ilin sonuna, "SM-3” isə 2029-cu ilin əvvəlinə qədər bərpa olunacaq.
Ən sürətli şəkildə "JASSM” və "PrSM” raketlərinin ehtiyatları yenilənəcək. "JASSM” qanadlı raketləri uzun illər iri partiyalarla alındığından, 1100-dən çox raketin xərclənməsinə baxmayaraq ehtiyatlar artıq 2027-ci ilin ortalarına qədər bərpa olunacaq. "PrSM” raketləri isə az sayda istifadə edildiyi üçün 2026-cı ilin sonuna qədər yenidən anbarlara qaytarılacaq.
Müttəfiqlərlə bağlı vəziyyət də ayrıca problem yaradır. Yaponiya, Avstraliya və Niderland sifariş etdikləri "Tomahawk” raketlərini gözləyirlər. Səudiyyə Ərəbistanı və BƏƏ İran raketlərindən müdafiə zamanı "THAAD” ehtiyatlarının böyük hissəsini istifadə edib. Hazırda 17-dən çox ölkə yeni "Patriot” partiyaları uğrunda rəqabət aparır.
CSIS təhlilində vurğulanır ki, yeni istehsal olunan silahların bölüşdürülməsi artıq müttəfiqlər arasında gərginlik yaradıb və tələbat təklifi üstələdiyi müddətdə bu vəziyyət bir neçə il davam edəcək.
Bununla yanaşı, 2027-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsində sursatların genişmiqyaslı alışları nəzərdə tutulub və istehsalın artırılması üçün müdafiə şirkətləri ilə çərçivə sazişləri imzalanıb. Lakin təhlil müəllifləri qeyd edirlər ki, artıq əsas problem maliyyə deyil, zamandır.
Aydın
Şərhlər