Çoxdandır ki, beləsi olmamışdı. "Sabah”la "Qarabağ”ın eyni turda xal itirməsini nəzərdə tuturam. Nəhayət ki, oldu. Düzdür, nə "Sabah”, nə də "Qarabağ” məğlubiyyətlə üzləşmədi. "Köhlən atlar” Şamaxı səfərindən qolsuz heç-heçə ilə qayıtmalı oldusa, "Sabah” öz meydanında "Zirə”ilə oyunda əzmkarlıq sayəsində 1 xal qazana bildi. Rəşad Sadıqovun çalışdırdığı komanda Masazırdakı qarşılaşmanın birinci hissəsini öndə başa vurub, fasiləyə qalib kimi yollanmağı bacarmışdı. Lakin qələbə hesabını qorumaq mümkün olmadı. "Sabah” "Zirə”ni ikinci dəfə məyus edib, aktivinə bir xal yazmağı bacardı.
"Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının böhranda olması fikrini yaxına buraxmır. Onunla mübahisə etməyə, "Sabah”ın tez-tez məğlub duruma düşməsini, oyunu çevirmək məcburiyyətində qalmasını fakt kimi ortaya qoymağa da dəyməz. Birincisi ona görə ki, heç kim öz ayranına turş demədiyi kimi, çalışdırıcılar da öz komandaları barədə tənqid eşitməyi xoşlamırlar. Bunu Qurban Qurbanovun timsalında da çox görmüşük. Təmkinini qoruyan baş məşqçilər belə hallarda tənqidləri öz üzərinə çəkir, futbolçularını qoruyur və eyni zamanda da vəziyyətin nəzarət altında olduğunu inadla bildirirlər.
Elə Dambrauskas da belə edir. Onu qınamıram da. Amma dəfələrlə söylədiyimiz bir həqiqət var. O da ondan ibarətdir ki, futbolçular robot deyil. Onlardan daim eyni səviyyədə oynamağı, ardıcıl qələbələr qazanmağı tələb edə bilmərik. Hətta "Barselona”nın, yaxud da "Real”ın "ulduzları” "qara zolağa” düşür, büdrəyilər. Burda həm motivasiya rol oynayır, həm də fiziki baxımdan yorğunluq. Hazırda FİFA və UEFA müxtəlif turnirlər keçirməklə futbolçuları həddindən artıq "yükləyiblər”. Xüsusən də milli üzvü olanları. "Sabah”ın heyətində belələri elə də çox deyil. Lakin "Sabah” da Azərbaycan çempionatında birnəfəsə irəliləməyə, hər iki kuboku qazanmaqla "qızıl dubl” etməyə çalışır. Bunu hiss etmək çətin deyil ki, klubun rəhbərliyi də bu arzuyla alışıb-yanır. Onlar "Qarabağ”ın Azərbaycan futbolundakı hegemonluğuna son qoymaq üçün bütün resurslarını işə salıblar.
Bəli, "Sabah” arzusunu gerçəkləşdirməyə çox yaxındır. Amma bir məsələ də var ki, mövsüm sona yaxınlaşdıqca "Sabah”ın da barıtı yavaş-yavaş tükənir. Son üç oyundakı ləngərləmə də bunun göstəricisidir. Kubokun yarımfinalındakı ilk görüşdə "Sabah”ı məğlubiyyətdən penalti xilas edib. Elə "Araz Naxçıvan”la oyunda da bu "joker” işə yaradı. Əks halda məğlubiyyət çox yaxın idi. Verilən penaltilərin haqlı, yaxud haqsız olması barədə mübahisə açmayacam. Çünki söhbətin mövzusu başqadır. "Zirə” ilə oyunda isə bu mövsüm ilk dəfə "Sabah”ın qapısına penalti təyin olundu. Bu münasibətlə gənc FİFA referisi Tural Qurbanov başda olmaqla hakimlərimizi də təbrik edə bilərik.
"Sabah”ı qarşıda "Qarabağ”la iki həlledici qarşılaşma gözləyir. Birində kubokun finalına kimin yüksələcəyi müəyyənləşəcək, digərində isə "Sabah” qələbə qazanmaqla rahat nəfəs alıb, çempionluq təbriklərini qəbul etməyə başlaya bilər. Bu iki qarşılaşma "Sabah”ın uğurlarının nə qədər ciddi olduğunu, komandanın "Qarabağ”dan həqiqətən də güclü olub-olmadığını göstərəcək. "Köhlən atlar”ın yorulduğu isə heç kimə sirr deyil. Onlar artıq təkcə "Sabah”la oyunlarda yox, digərləriylə qarşılaşanda da çətinlik çəkirlər. Çempionlar Liqasındakı uğurlu çıxış həm fiziki, həm də mənəvi baxımdan Qurban Qurbanovun komandasının əleyhinə işlədi.
Qarşıda bizi xeyli maraqlı günlər gözləyir. Həm "Sabah” öz gücünü göstərməli, həm də "Qarabağ” əvvəlki əzəmətini qaytarmaq üçün köklü islahatlara başlamalıdır. Azərbaycan futboluna xeyirli olsun!
Amal Abuşov
Şərhlər