Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.
Dövlətimizin başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verildi.
Bildirildi ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub.
Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.
Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.
Sonra dövlətimizin başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına Ağdərənin Baş planı barədə məlumat verdi.
Bildirildi ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır. Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.
Baş planla tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verdi.
X X X
Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları da istismara verilib.
Bildirilib ki, Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün ümumilikdə 3 binada təmir-bərpa işləri görülüb. Dörd və beş mərtəbəli binalardakı 72 mənzildən 8-i birotaqlı, 36-sı ikiotaqlı, 24-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Burada hərbçilərin və onların ailə üzvlərinin yaşaması və asudə vaxtlarının səmərəli təşkili üçün bütün şərait yaradılıb. Mənzillər su, qaz, elektrik enerjisi, internet, həmçinin mebel dəstləri ilə təchiz edilib. Binaların ətrafında da geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin istirahəti üçün guşələr yaradılıb.
Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Milli Ordumuzun şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Son illər Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, hərbi qulluqçuların mənzillə təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bütün bunlar Müzəffər Ali Baş Komandan tərəfindən qalib Ordunun şəxsi heyətinə göstərilən yüksək qayğının bariz nümunəsidir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
Dövlətimizin başçısını salamlayan qadın sakin dedi: Sənin boyuna qurban, canım sənin boyuna qurban.
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Necə yerləşmisiniz burada?
Sakinlər: Yaxşı.
Prezident İlham Əliyev: Yaxşıdır hər şey?
Sakinlər: Yaxşıdır.
Prezident İlham Əliyev: Allaha şükür. Təbrik edirəm sizi.
Sakinlər: Sağ olun.
Prezident İlham Əliyev: Artıq üç gündür ki, Ağdərə rayonunun dörd kəndinə yerləşmisiniz. Bu münasibətlə sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Bütün bu kəndlərdə olmuşam: Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndləri. Evlər gözəl təmir olunub, bərpa edilib. Son iki il ərzində biz işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparmışıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən etmişik və artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir.
Kişi sakin: Sizin sayənizdə, cənab Prezident.
Prezident İlham Əliyev: Bizi güclü edən xalqımızdır, yumruq kimi birləşən millətimdir.
Sakinlər: Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb - işıq, su, qaz, yollar, iş yerləri.
Bu gün Qozlukörpü kəndində təxminən 15 meqavat gücündə Su Elektrik Stansiyasının açılışını qeyd etdik. Bu bölgə elektriklə tam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir. Buradan Tərtərə qədər, Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bu gün "Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada 1000-ə yaxın iş yeri yaradılır. Yəni iş yerləri ilə bağlı heç bir problem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Eyni zamanda, bu gözəl, səfalı, mənzərəli təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik - bütün bu işlərlə mütləq məşğul olmaq lazımdır ki, siz burada rahat, firavan yaşayasınız.
Kişi sakin: Bu gün üçün Sizə çox-çox təşəkkür edirik. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Sağ olun, var olun.
Qadın sakin: Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə "Qarabağın qəhrəman oğlu” deyirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Siz də bizim ata yurdumuza, şəhidlərin qanı qədər, haqqı qədər müqəddəs olan Qarabağa, Ağdərəyə xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bu gün bu torpaqlardayıq. Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Onu da bildirməliyəm ki, şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq. Çünki torpaqların itirilməsi, böyük sayda şəhidlərin şəhadətə ucalması - bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində. Biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq. O cümlədən, bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq. İndi də burada, - bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın. Sağ olun.
Sakinlər: Allah Sizi qorusun!
x x x
Sonra foto çəkdirildi.
x x x
Kişi sakin: Cənab Prezident, Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik. Həmişə bizim yanımızda olmusan, biz də sənin arxanda.
Digər kişi sakin: Allah o "dəmir yumruğ”u düşmənlərimizin başının üstündən əskik etməsin. Amin. "Dəmir yumruq”, "Qarabağ Azərbaycandır!”
Qadın sakin: Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da, həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentlə görüşməkdir.
Kişi sakin: Çox sağ olun. Allah Sizi qorusun.
Qadın sakin: Çox istərdim ki, gələcəkdə bir dəfə də Ağdərədə, Çaparda mənim evimin qonağı olasınız. Allahım Sizi qorusun. Amin.
Prezident İlham Əliyev: Gələrik, əlbəttə, hələ çox görüşəcəyik. Bu gün Ağdərə şəhərinin təzə Baş planı mənə təqdim ediləcək. Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq. Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq. İşğalçılar bu ərazidə faktiki olaraq heç bir salamat bina qoymayıblar. Bax, təmir edilmiş bütün bu binalar bu gün dövlət tərəfindən təmir edilib. Ancaq talançılıqla məşğul olublar. "Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar. Bu, talançılıqdır, qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq. Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq.
Kənd təsərrüfatı, turizm – yəni bura təbii bir cənnətdir. Amma mənfur düşmən buranı viran qoyub, burada daşı daş üstə qoymayıb. Onlar hər il erməni təşkilatları tərəfindən 100 milyonlarla pul yığırdılar. Onların bir manatını da, bir dollarını da buraya qoymayıblar, hamısını talayıblar. Bizim evlərimizi yandırıblar, sizi didərgin salıblar, 1 milyon insanı didərgin salıblar, Ağdamı yerlə-yeksan ediblər, Füzulini də, Zəngilanı da, Qubadlını da. Kəlbəcərdə, Laçında, Xocalıda qanunsuz məskunlaşmışdılar. Xocalıya bir eybəcər ad da vermişdilər, amma heç biri tutmadı. Çünki bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq.
Qadın sakin: Bütün bunlar Sizin güclü siyasətinizin nəticəsidir, cənab Prezident. Allah ömrünü uzun eləsin.
Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra ancaq müzəffər xalq kimi, qürurlu xalq kimi yaşayacağıq. İnşallah.
Sakinlər: Cənab Prezident, Siz dünyada Azərbaycan xalqının fəxrisiniz, minnətdarıq. Sağ olun, Sizi görməyimizə şad olduq.
***
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.
Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələrinin, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.
Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poliqonları və digər zəruri infrastruktur olacaq.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.
Şərhlər