"YouTube” platformasında 140 il davam edən qeyri-adi video diqqət çəkib. Artıq 3 milyon baxış toplayan videonun nə səsi, nə görüntüsü, nə də normal adı var. Kanalın böyük ehtimalla Şimali Koreya ilə əlaqəli olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, İnternet istifadəçiləri yanvarın əvvəlində "ShinyWR” adlı "YouTube” kanalında yayımlanan qəribə bir videoya diqqət yetiriblər. Adında yalnız sual işarəsi olan bu video tam 140 il uzunluğundadır.
Son bir həftə ərzində video təxminən 3 milyon baxış və 33,5 min şərh toplayıb. İzləyicilər müəllifin platformanın texniki məhdudiyyətlərini necə keçdiyinə təəccüblənirlər. Belə ki, "YouTube”da adi istifadəçilər üçün video yükləmə limiti maksimum 12 saatdır. Bu barədə "Dexerto” nəşri yazır.
Videonun əslində nə olduğu da aydın deyil. Kadrlarda heç bir görüntü və səs yoxdur, adı yalnız sual işarəsindən ibarətdir, təsvir bölməsində isə mənasız bir cümlə yer alıb. Bəzi istifadəçilər kanalın platforma tərtibatçılarına aid test səhifəsi ola biləcəyini və təsadüfən ictimaiyyətə açıldığını düşünür. Digər ehtimala görə isə bu hadisə alternativ reallıq oyununun (ARG) başlanğıcı ola bilər.
Marağı artıran əsas məqamlardan biri də kanalın özüdür. Profil məlumatlarında hesabın 2023-cü ildə yaradıldığı və guya Şimali Koreyada qeydiyyatdan keçdiyi göstərilir. Buna baxmayaraq, kanal bu müddət ərzində təxminən 173 min abunəçi toplayıb.
Bundan əlavə, @shinywr kanalında daha iki video aşkar edilib. Onlar 140 illik video qədər uzun olmasa da, yenə də "YouTube” üçün qeyri-adi hesab olunur. Videolardan biri 294 saat, "Shorts” formatında olan digəri isə 150 saat davam edir.
Qeyd edək ki, daha əvvəl də "YouTube” platformasında süni intellektlə yaradılmış saxta "Nvidia” rəhbəri Censen Huanın iştirakı ilə yayımlanan fırıldaqçı yayımın trendə düşməsi ilə bağlı qalmaqal yaşanmışdı. Həmin yayımda süni intellekt versiyası şübhəli kriptovalyuta investisiyalarını reklam edirdi.
Aydın
Şərhlər