Xəbər lenti

Uitkoff və Kuşner Putinlə yeni görüş üçün Moskvaya gedəcək - Bloomberg
Dünya 15:00 14.01.2026

Uitkoff və Kuşner Putinlə yeni görüş üçün Moskvaya gedəcək - Bloomberg

ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Ukraynadakı müharibənin dayandırılması üzrə danışıqlar aparmaq və Rusiya lideri Vladimir Putinlə görüşmək üçün yaxın gələcəkdə Moskvaya getməyi planlaşdırırlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, görüş bu ay baş tuta bilər. Lakin planlar hələ tam təsdiqlənməyib və İrandakı hadisələr (etirazlar və gərginlik) səbəbindən səfərin vaxtı dəyişdirilə bilər. Ağ Ev nümayəndəsi hazırda belə bir görüşün planlaşdırılmadığını bildirsə də, Kreml şərh sorğusuna cavab verməyib.
Danışıqların əsas mövzuları:

Mənbələrdən birinin qeyd etdiyi kimi, Putinin bu cütlüklə ikinci görüşdə nə dərəcədə maraqlı olduğu hələ bəlli deyil və bu, tarixin təyin edilməsində əsas maneə hesab olunur.
ABŞ rəsmilərinin Putinə və onun komandasına sülh planlarının son layihələrini təqdim edəcəyi gözlənilir.
Müzakirələrin hər hansı sülh sazişinə əməl olunmasını təmin etmək üçün ABŞ və Avropanın Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətlərini, həmçinin ölkənin müharibədən sonrakı bərpasını əhatə edəcəyi bildirilir.

Uitkoff və Kuşner dekabr ayında artıq Moskvada olmuş və Putinlə görüşmüşdülər. O zaman danışıqlar beş saata yaxın davam etsə də, heç bir sıçrayışla nəticələnməmişdi. Qeyd edək ki, Stiv Uitkoff ötən il ərzində Putinlə Rusiyada altı dəfə görüşüb.

Daha əvvəl KİV-də yayılan məlumatlara görə, Ukraynanın "Böyük Yeddilik" (G7) ölkələrindən olan müttəfiqləri, atəşkəs rejimindən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində Donald Trampın şəxsi dəstəyini almaq üçün onunla görüş keçirəcəklər.

Həmçinin bildirilir ki, Davosda keçiriləcək İqtisadi Forum çərçivəsində Zelenski və Tramp Ukraynanın müharibədən sonrakı bərpası və "rifahı" haqqında 800 milyard dollar dəyərində razılaşma imzalamalıdırlar. Bu, iqtisadiyyata 10 il ərzində yatırılacaq investisiya, qrant və kreditlər paketini nəzərdə tutur.

Prezident Zelenski bildirib ki, Ukrayna bu ayın sonuna qədər Rusiyanın 20 bənddən ibarət sülh planına (suverenliyin təsdiqi, NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər, 800 minlik ordu və s.) cavabını alacağına ümid edir.

Alpər

--> -->