Xəbər lenti

Ən çox sərnişin təyyarəsi satan şirkət açıqlandı
Dünya 18:00 14.01.2026

Ən çox sərnişin təyyarəsi satan şirkət açıqlandı

2025-ci ilin yekunlarına görə "Boeing” "Airbus”u geridə qoyaraq 2018-ci ildən bəri ilk dəfə sərnişin təyyarələrinin satışında lider olub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

Məlumata əsasən, "Boeing”in yeni sifarişlərinin sayı 1173 təyyarə təşkil edib. Eyni dövrdə "Airbus” 1000 ədəd hava gəmisi satıb. Bununla belə, müştərilərə faktiki olaraq təhvil verilən təyyarələrin sayına görə "Airbus” hələ də öndədir: Avropa istehsalçısı 793, "Boeing” isə 600 təyyarə çatdırıb.

Amerika aviasiya istehsalı korporasiyası yeni sifarişləri Ağ Evin dəstəyi fonunda əldə edir. Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Boeing”in 1000-dən çox təyyarə satdığını bəyan edərək, şirkəti satışların "kralı” adlandırmışdı.

Ümumilikdə, "Boeing”in çoxillik böhrandan tədricən çıxdığını demək olar.

Xatırladaq ki, 2018 və 2019-cu illərdə "Boeing 737 Max” təyyarələrinin iki qəzasından və sonrakı araşdırmalardan sonra Amerika avialaynerlərinə olan qlobal sifarişlər kəskin azalmışdı. 2020-ci ildə "Boeing”in təhvil verdiyi təyyarələrin sayı XXI əsrdə minimum həddə enmişdi – cəmi 157 ədəd.

Şirkət rəhbərliyini dəyişib, həm qəzalar zamanı zərərçəkənlərə çoxmilyonlu kompensasiyalar ödəyib, həm də tənzimləyici qurumlara cərimələr verib. 2021-ci ildən etibarən "Boeing” təyyarələrinə olan sifarişlərin sayı yenidən artmağa başlayıb.

"Boeing” təkcə mülki aviasiya sahəsində deyil, hərbi təyyarə proqramlarında da uğurlar əldə edir. Ötən il şirkətin altıncı nəsil "F-47” qırıcı təyyarəsinin yaradılması üçün seçildiyi məlum olub. Donald Trampın sözlərinə görə, bu, indiyədək yaradılmış ən qabaqcıl, ən effektiv və ən ölümcül təyyarəolacaq.

Məlumata görə, hazırda "Boeing” artıq ilk "F-47”nin istehsalına başlayıb. Qırıcının ilk uçuşunun 2028-ci ilə planlaşdırıldığı bildirilir.

Aydın
--> -->