Xəbər lenti

Antik Romanın memarlıq inciləri necə məhv olmadı?
Dünya 09:42 25.02.2026

Antik Romanın memarlıq inciləri necə məhv olmadı?

Antik Romanın möhtəşəm tikililəri min illərdir ayaqda qalmağı bacarıb. Roma mühəndislərinin uğurunu nümayiş etdirən bu abidələr arasında dünyanın ən böyük dayaqqız (dəstəksiz) günbəzinə sahib olan Panteon və Kolezyum kimi tikililər 2 min ildən artıqdır ki, möhkəmliyini qoruyaraq günümüzə gəlib çatıb.

Qaynarinfo antik Romanın möhtəşəm memarlıq irsinin əsas sirlərini təqdim edir.

Məlum olub ki, romalıların istifadə etdiyi beton bəzi xüsusiyyətlərinə görə müasir betondan daha dayanıqlıdır. Yeni araşdırmaya əsasən, Roma tikinti ustalarının istifadə etdiyi sirli komponent o qədər möhkəm idi ki, onlar hətta liman bəndləri və kanalizasiya sistemləri kimi mürəkkəb qurğuları zəlzələ zonalarında belə inşa edə bilirdilər.
 


ABŞ, İtaliya və İsveçrədən olan tədqiqatçılar İtaliyanın mərkəzində yerləşən Privernum arxeoloji ərazisindən götürülmüş 2 min illik beton nümunələrini analiz ediblər. Təhlillər nəticəsində betonun tərkibində "əhəng qırıntıları” adlandırılan ağ hissəciklərin olduğu müəyyən edilib. Məhz bu hissəciklər zamanla betonda yaranan çatların öz-özünə bərpa olunmasına imkan yaradır.

Əhəng qırıntıları çatları bərpa edir

Tədqiqatın müəlliflərindən biri, Massachusetts Institute of Technology-nin alimi Admir Maşiç bildirib ki, alimlər çox dəqiq reseptlər hazırlayaraq onların Roma İmperiyası ərazisindəki tikinti meydançalarında tətbiqini təmin edirdilər.

Beton ümumilikdə sement adlanan bağlayıcı maddədən hazırlanır. Bu maddə əhəngdaşı, su və müxtəlif ölçülü qum-çınqıl qarışığından ibarətdir.
 


Antik Romada sönməmiş əhəngdən istifadə olunub

Araşdırmalar göstərir ki, Romada betonda bağlayıcı maddə kimi sönməmiş əhəngdən istifadə edilib. Analizlər nəticəsində məlum olub ki, sönməmiş əhəngdən yaranan əhəng qırıntıları betonun davamlılığını artırır.
 


Tədqiqatçılar həm Roma üsulu ilə, həm də müasir standartlarla iki müxtəlif beton nümunəsi hazırlayaraq onları süni şəkildə çatladıb. İki həftə sonra aparılan yoxlamada Roma üsulu ilə hazırlanan betonun içindən su keçmədiyi, müasir üsulla hazırlanan betondan isə su sızdığı müəyyən edilib.
 


Araşdırmaya görə, Roma formuluna əsasən hazırlanan, tərkibində əhəng qırıntıları olan beton çat yerlərində həll olaraq su ilə təmas zamanı yenidən bərkiyir və quruluşu bərpa edir.
 
Günay

--> -->