ABŞ 23 yanvar tarixində Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılaraq 78 illik üzvlüyünə rəsmi şəkildə son qoyub. ABŞ-ın ÜST-dən çıxmasından sonra dünya üzrə xərçəng araşdırmalarının sürətlənməsi diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, tədqiqatların intensivləşməsi qlobal səhiyyə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Pankreas xərçəngi, yoğun bağırsaq xərçəngi, HPV ilə əlaqəli xərçənglər, leykemiya kimi xəstəliklərin müalicəsində ümidverici nəticələr əldə olunur, eyni zamanda xərçəng peyvəndi istiqamətində mühüm addımlar atılır.
Ayrılıqdan cəmi bir ay keçməsinə baxmayaraq, tibb sahəsində əhəmiyyətli yeniliklər qeydə alınıb. Müxtəlif ölkələr bir neçə xərçəng növünə qarşı yeni müalicə üsulları və peyvənd tədqiqatları apardıqlarını açıqlayıblar.
Aparılan araşdırmalar pankreas xərçəngi, yoğun bağırsaq xərçəngi, HPV ilə əlaqəli xərçənglər və leykemiya kimi xəstəlikləri əhatə edir. Digər tərəfdən, Rusiyada xərçəng peyvəndinin hazırlanması istiqamətində işlərin sürətləndirildiyi bildirilir.
ABŞ-ın ayrılığı ilə tədqiqatların sürətlənməsi arasında hansı əlaqə var? Bu, sadəcə zaman təsadüfüdür, yoxsa ÜST-nin mərkəzləşdirilmiş və bürokratik strukturundan kənarlaşan ölkələrin prioritet layihələrə daha çox vəsait ayırması ilə bağlıdır?
ABŞ ÜST-nin ən böyük maliyyəçisi idi
Onkologiya üzrə mütəxəssis türk professor doktor Leyla Özer "Hürriyet"ə açıqlamasında ABŞ-ın ÜST-dən ayrılması və sonrakı prosesləri şərh edərək bildirib ki, ABŞ Səhiyyə Nazirliyi 2026-cı ilin yanvarında, Prezident Donald Trampın ayrılma qərarından bir il sonra, 78 illik üzvlüyün rəsmi şəkildə başa çatdığını elan edib.
Onun sözlərinə görə, ABŞ uzun illər ərzində ÜST-yə hər il yüz milyonlarla dollar vəsait ayıran ən böyük maliyyəçi olub və ayrılığın əsas səbəblərinin daha çox siyasi xarakter daşıdığı düşünülür:
"Olaylar pandemiyanın əvvəlində ÜST-nin Çinin açıqlamalarını yetərincə sorğulamadığı iddiaları ilə başladı. ÜST-nin zəruri islahatları qəbul etməməsi və başda Çin olmaqla üzv dövlətlərin siyasi təsirinə qarşı müstəqilliyini qoruya bilməməsi də səbəblər arasında göstərildi".
Bu ayrılıq geosiyasi rəqabət sahəsinə çevrilə bilər
Professor doktor Leyla Özer qeyd edib ki, demək olar, bütün ölkələrin üzv olduğu ÜST ebola və uşaq iflici kimi qlobal səhiyyə təhdidlərinə qarşı mübarizəni koordinasiya edir, kasıb ölkələrə texniki dəstək göstərir, peyvənd və müalicələrin paylanmasına töhfə verir və yüzlərlə xəstəlik üzrə təlimatlar dərc edir.
Onun fikrincə, ABŞ-ın ayrılması xüsusilə aşağı gəlirli ölkələrdə səhiyyə xidmətlərinə çıxışı zəiflədə, infeksion xəstəliklər, peyvənd proqramları və erkən xəbərdarlıq sistemlərinə mənfi təsir göstərə bilər:
"Bu ayrılığın qlobal xərçəng tədqiqatlarının sürətlənməsi ilə birbaşa əlaqəsinin olub-olmadığına əmin deyiləm. Lakin Çinin biotexnologiya sahəsinə yatırımları və Avropanın "Horizon” proqramları göstərir ki, xərçəng müalicəsində ağırlıq mərkəzi dəyişə bilər. Bu sahə xərçəngi prioritet elan edən ölkələr üçün geosiyasi rəqabət meydanına çevriləcək".
ABŞ-ın ayırdığı vəsaitin kəsilməsi qısa müddətdə epidemiyalara erkən müdaxilə imkanlarını zəiflədə, Afrika və digər aşağı gəlirli ölkələrdə vəba, ebola və yeni zoonoz xəstəliklərin yayılmasına səbəb ola bilər. Eyni zamanda, ÜST-nin HİV/QİÇS, vərəm, malyariya və uşaq xəstəlikləri üzrə proqramları da zərər görə bilər. Bu isə dolayı yolla ölüm göstəricilərinin artmasına gətirib çıxara bilər. Maliyyə itkisi tədqiqat layihələrinin sayını azalda və məlumat toplama keyfiyyətini aşağı sala bilər.
Ölkələr üzrə xərçəng tədqiqatları
Professor doktor Leyla Özer müxtəlif ölkələrdə aparılan xərçəng araşdırmalarını da dəyərləndirib.
Pankreas xərçəngi ilə bağlı İspan alimləri KRAS, EGFR və STAT3 siqnal yollarını eyni vaxtda hədəfləyən üçlü kombinasiya müalicəsinin siçan modellərində şişlərin tam geriləməsinə səbəb olduğunu açıqlayıblar. Lakin bu nəticələrin insanlarda necə təsir göstərəcəyi və mümkün yan təsirlərin hansı səviyyədə olacağı zamanla aydınlaşacaq.
Yoğun bağırsaq xərçəngində ümidverici addım
Metastatik və BRAF gen mutasiyasına malik yoğun bağırsaq xərçəngi xəstələrində aparılan kombinasiya müalicəsi diqqət çəkib. Daha əvvəl son mərhələlərdə istifadə olunan BRAF və EGFR hədəfli iki molekulun birinci mərhələdə kimyaterapiya ilə birlikdə tətbiqi həm cavab faizini artırıb, həm də sağqalma müddətini demək olar ki, iki dəfə yüksəldib.
Xərçəng peyvəndi yoldadır
Linç sindromu olan və ömür boyu müxtəlif xərçəng növlərinə tutulma riski yüksək olan xəstələr üçün də mühüm yeniliklər var. Hazırda bu xəstələrdə əsas strategiya tez-tez skrininq müayinələri və ya profilaktik cərrahiyyədir.
ABŞ-da "MD Anderson” Mərkəzində hazırlanan "NOUS-209” adlı eksperimental xərçəng peyvəndi immun sisteminə xərçəng hüceyrələrini tanımağı və hədəf almağı öyrətməyi məqsəd qoyur. Peyvənd immun sisteminə xərçəng hüceyrələrindən əldə olunan spesifik "təlim hədəfləri” təqdim edir və beləliklə, orqanizmdəki real xərçəng hüceyrələrinə qarşı daha effektiv reaksiya formalaşdırır.
Leykemiyada 90 faizdən çox davamlı sağalma
2026-cı ilin fevralında yayılan mühüm xəbərlərdən biri də leykemiya və digər qan xərçənglərində tətbiq olunan CAR-T hüceyrə terapiyası ilə bağlıdır. Bu üsulda xəstənin öz immun hüceyrələri laboratoriyada genetik olaraq yenidən proqramlaşdırılır və gücləndirilmiş formada orqanizmə geri qaytarılır. Ən davamlı hallarda belə 90 faizdən çox davamlı sağalma əldə olunduğu bildirilir.
Yeni nəsil bioreaktorlar sayəsində istehsal xərclərinin nisbətən azalması bu fərdiləşdirilmiş müalicənin daha geniş yayılmasına imkan yarada bilər.
Rusiyada hazırlanan xərçəng peyvəndi hansı mərhələdədir?
Professor doktor Leyla Özer Rusiyada diqqət çəkən üç istiqaməti qeyd edib: mRNA platformaları, viral vektor/onkolitik yanaşmalar və fərdiləşdirilmiş immunoterapiya.
Onun sözlərinə görə, Rusiyadan yayılan məlumatlarla bağlı əsas problem beynəlxalq standartlara uyğun, ictimaiyyətə açıq və detallı faza nəticələrinin məhdud olmasıdır. Sosial mediada "100 faiz effektivlik” kimi ifadələrə tez-tez rast gəlinsə də, bunlar adətən klinik təsdiq tələb edən ilkin mərhələ məlumatlarına əsaslanır.
Rusiyanın "Gamaleya” Milli Mərkəzi fevral ayında melanoma və bəzi ağciyər xərçəngi növləri üzrə fərdiləşdirilmiş mRNA xərçəng peyvəndinin Faz 1 və Faz 2 mərhələlərinin uğurla tamamlandığını açıqlayıb. Həmçinin "Enteromix” adlı onkolitik virus kombinasiyalarına əsaslanan yanaşmalar barədə də məlumat verilib. Lakin bu nəticələrin genişmiqyaslı klinik təsdiqi hələ gözlənilir.
Professor doktor Leyla Özer hesab edir ki, hər bir ölkə öz səhiyyə siyasətinə uyğun olaraq dərman şirkətləri ilə danışıqlar aparmalı və müalicələrə çıxışı təmin etməlidir. Onun fikrincə, tam müstəqillik isə yalnız bu dərmanların ölkə daxilində istehsalı ilə mümkündür və ÜST kimi qurumlardan tam ədalətli bölgü gözləmək hazırkı şəraitdə real görünmür.
Aydın
Şərhlər