Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? (VİDEO)
Sığorta şirkətlərinin yaşayış sahələrində baş verən hadisələrə görə etdiyi ödənişlər gündəmdədir. Hazırda sığorta məbləği Bakıda yerləşən əmlak üçün 25 min manatadək, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manatadək, digər ərazilərdə isə 15 min manatadək müəyyənləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Gözlənilir ki, yeni mexanizm əsasında sığorta məbləğləri yenidən hesablanacaq. Bu zaman hadisə üzrə ödəniş edilərkən daşınmaz əmlakın yerləşdiyi ərazi, sahəsi və bazar dəyəri nəzərə alınacaq.
İqtisadçı Xalid Kərimli bildirib ki, hazırda yaşayış sahələri üzrə daşınmaz əmlakın icbari sığortası bazar prinsipləri əsasında həyata keçirilmir:
"Hazırkı icbari sığorta sistemində bazar elementləri yoxdur. Daşınmaz əmlakın yerləşdiyi yer, sahəsi və qiyməti kimi amillər nəzərə alınmır. Həm sığorta haqqı, həm də ödəniş məbləğinin yuxarı həddi vahid qaydada, standart şəkildə müəyyən edilir".
Maraqlıdır ki, hadisələrə görə ödənişlərin artırılacağı gözlənilsə də, sığorta haqlarında dəyişiklik nəzərdə tutulmur.
Qeyd edək ki, yaşayış sahələri üzrə daşınmaz əmlakın icbari sığorta haqqı Bakıda 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər şəhər və bölgələrdə isə 30 manat təşkil edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər