Qlobal əhali müharibələr və ya təbii fəlakətlər səbəbilə deyil, daha çox rifah səviyyəsinin yüksəlməsi nəticəsində azalır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu proses əmək bazarında ciddi böhran yarada və dünya iqtisadiyyatını dəyişdirə bilər.
Qaynarinfo məlumatına görə, "StepStone" şirkətinin baş direktoru Sebastian Dettmer "Business Insider" üçün yazdığı məqalədə bildirir ki, müasir cəmiyyət paradoksla üz-üzədir: insanlar daha uzun yaşayır, daha varlı və daha savadlı olur, lakin daha az uşaq dünyaya gətirir.
İnkişafın gözlənilməz nəticəsi
Dettmerin sözlərinə görə, xüsusilə inkişaf etmiş ölkələrdə doğum səviyyəsi kəskin şəkildə azalır. Bu ölkələr isə qlobal iqtisadiyyatın əsas hərəkətverici güclərindən biridir.
Bill və Melinda Qeyts Fondunun araşdırmalarına əsasən, əsrin sonuna qədər dünya əhalisi pik səviyyədən təxminən 1 milyard nəfər azala bilər.
Bəzi regionlarda isə işlək əhalinin sayı kəskin enəcək: Cənubi Avropada iki dəfədən çox, Asiyanın bəzi ölkələrində isə üçdə iki qədər azalma proqnozlaşdırılır.
Əmək bazarında artıq çatışmazlıq var
"Popular Mechanics”in məlumatına görə, işçi çatışmazlığı artıq təhsil, mühəndislik, tibb və xidmət sektorlarında hiss olunur. Əhalinin azalması istehsalın düşməsinə, bizneslərin kiçilməsinə və iqtisadi artımın zəifləməsinə gətirib çıxarır.
Həll yolları kimi avtomatlaşdırma, robot texnologiyaları və süni intellektin inkişafı göstərilir. Bu texnologiyalar insan əməyinin bir hissəsini əvəz edə bilər.
Eyni zamanda, daha az sayda işçi qüvvəsinin effektivliyini artırmaq üçün təhsil və yenidən ixtisaslaşma investisiyaları vacib sayılır.
Qlobal xəbərdarlıq siqnalı
Dettmerin fikrincə, demoqrafik azalma özü-özlüyündə fəlakət deyil, lakin ciddi struktur dəyişiklikləri tələb edən böyük bir çağırışdır.
Əgər tədbirlər görülməzsə, dünya iqtisadiyyatı keçmişdə narahatlıq yaradan "əhalinin həddən artıq artması” probleminin əksinə olaraq, "insan çatışmazlığı” böhranı ilə üzləşə bilər.
Aydın
Şərhlər