18 aprel 2026-ci il tarixində Rusiya Federasiyasında – Dağıstanda, Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrında hal-hazırda İsveçrə Konfederasiyasında yaşayan azərbaycanlı yazıçı-dramaturq Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" ("NEPOSTİJİMIY") pyesinin premyerası olub.
Qeyd edək ki, tamaşaçıların böyük marağına və rəğbətinə səbəb olan, premyerası anşlaqla keçən səhnə əsərinin quruluşçu rejissoru və baş rolun ifaçısı Azərbaycan Respublikasının Əməkdar artisti və Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Sərvər Əliyevdir. Tamaşanın musiqi tərtibatçısı isə Dağıstan Respublikasının Əməkdar artisti Sevda Bəybalayevadır. Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrının direktoru isə Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Firdovsi Əsgərovdur.
Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" pyesi "Azadlıq həzzi” və "Bir redaksiyada” ("Dəvədən böyük…”) əsərləri ilə yanaşı 2010-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin keçirdiyi "Kiçik həcmli pyeslər və hekayələr” müsabiqəsində iştirak edib və ikinci yeri qazanıb. 2011-ci ildə həmin pyeslər səhnələşdirilərək Xalq Teatrları Festifalında nümayiş olunub, "Yerə-göyə sığmayan” pyesi festifalın 2-ci mükafatının, digər bir pyesi isə "Ən yaxşı kişi obrazı” nominasiyasının qalibi olub. 2011-ci ildə "Yerə-göyə sığmayan" pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Sərvər Əliyevin mizanında uğurla səhnələşdirilərək tanınmış və sevilən aktyor Natiq Fərzəliyevin ifasında tamaşacılara təqdim olunub.
2012-ci ildə "Yerə-göyə sığmayan" əsərinin də daxil olduğu "Həbsxanada bayram” dramı Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi "Axundov dərsləri” çərçivəsində qalib elan olunaraq Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə rus dilinə tərcümə olunub və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Teatr Xadimləri Assosasiyasının Moskvada nəşr olunan "MDB-nin ən yaxşı gənc dramaturqları” kitabına daxil edilib.
Xartırladaq ki, Sərvər Əliyev 2017-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası və Dağıstan Respublikası Mədəniyyət nazirliklərinin qarşılıqlı razılaşması əsasında o, 2018-cü ildə Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrına Baş rejissor təyin olunub və paralel olaraq burada fəaliyyət göstərib. Bundan əvvəl isə o, 2014-cü ildən 2017-ci ilə qədər Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb.
Şərhlər