Cəmi iki həftə sosial mediadan istifadə etməməyin beyin fəaliyyətinə müsbət təsir göstərdiyi müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu nəticə Georgetown Universitetinin alimlərinin apardığı araşdırmalar zamanı ortaya çıxıb.
Araşdırma çərçivəsində 467 yetkin iştirakçı 14 gün müddətində telefonlarında internetə çıxışı tamamilə dayandırıb. Onlar yalnız zəng və mesajlaşma funksiyalarından istifadə ediblər. Beləliklə, iştirakçılar sanki düyməli telefon dövründəki kimi həyat tərzi sürüblər.
Bu sahədə aparılan ən geniş tədqiqatlardan biri hesab olunan araşdırmanın nəticələri diqqətçəkici olub. İştirakçıların gündəlik ekran vaxtı 5 saatdan aşağı düşüb, depressiya əlamətlərində azalma müşahidə olunub, diqqət isə güclənib.
Tədqiqat nəticələrinə görə, bəzi hallarda əldə edilən təsir antidepressant müalicə ilə müqayisə oluna biləcək səviyyədə olub. Telefon istifadəsinin azalması insanların daha çox üz-üzə ünsiyyətə, fiziki aktivliyə, təbiətdə vaxt keçirməyə və kitab oxumağa yönəlməsinə səbəb olub.
Alimlər bildiriblər ki, sosial media və oxşar platformalar qısamüddətli "mükafat” hissi yaradaraq diqqəti yayındırır və beyni daimi stimullaşdırılmış vəziyyətdə saxlayır. Araşdırma başa çatdıqdan sonra belə, iştirakçıların böyük hissəsi əvvəlki ekran vərdişlərinə geri qayıtmayıb.
Mütəxəssislərin sözlərinə görə, sosial mediadan müvəqqəti uzaqlaşmaq yaşla bağlı 10 illik koqnitiv geriləmənin geri çevrilməsinə bərabər təsir göstərə bilər.
Şərhlər