Xəbər lenti

Tarixdə ilk dəfə: Çin kosmosa süni embrionlar göndərdi
Dünya 10:36 27.05.2026

Tarixdə ilk dəfə: Çin kosmosa süni embrionlar göndərdi

Çin insan inkişafının erkən mərhələlərinə kosmik mühitin təsirini öyrənmək məqsədilə süni insan embrionlarını orbitə göndərərək görünməmiş eksperiment həyata keçirib. Araşdırma Yer kürəsindən kənarda uğurlu çoxalmanın mümkün olub-olmadığını müəyyən etməyə kömək etməlidir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” yazıb.

Eksperiment "Vençan” kosmodromundan buraxılan və "Tyanqonq” orbital stansiyasına yeddi tondan çox yük çatdıran "Tyançjou-10” kosmik gəmisində aparılır. Elmi avadanlıqlar arasında kök hüceyrələrdən yaradılmış süni embrionabənzər strukturlar da yer alır.

Çinli tədqiqatçıların məlumatına görə, bu strukturlar həqiqi embrion deyil və dölə çevrilə bilməz. Bununla belə, onlar bölünə və inkişafın əsas erkən mərhələlərini imitasiya edə bilir ki, bu da insan embrionları üzərində aparılan araşdırmalara xas etik məhdudiyyətlər olmadan bioloji prosesləri öyrənməyə imkan verir.

Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun alimləri bildiriblər ki, eksperiment iki model üzərində qurulub: onlardan biri embrionun uşaqlıq divarına yapışma mərhələsini, digəri isə toxuma və orqanların formalaşdığı əsas hüceyrə qatlarının yaranma mərhələsini imitasiya edir.

Nəzarət məqsədilə analoji nümunələr paralel olaraq Yer kürəsində də yetişdirilir. Orbitdə beş gün qaldıqdan sonra nümunələrin dondurularaq geri qaytarılması və müqayisəli təhlil aparılması planlaşdırılır.

Alimlər həmçinin mikroqravitasiya və kosmik radiasiyanın hüceyrə bölünməsi və toxuma formalaşmasına təsirini araşdırırlar. Oxşar təcrübələr "Danio rerio” balıqlarının və siçanların embrionları üzərində də aparılır ki, kosmosdakı bioloji dəyişikliklər barədə daha geniş təsəvvür əldə olunsun.

Mütəxəssislər vurğulayırlar ki, Yer kürəsindən kənarda çoxalma məsələsi gələcək kosmik missiyalar üçün ən mürəkkəb problemlərdən biri olaraq qalır. Çəkisizlik şəraitində hüceyrələr daha sürətlə qocalır, radiasiya isə DNT-yə zərər verə bilər ki, bu da orqanizmlərin normal inkişafını çətinləşdirir.

Perspektivdə bu tədqiqatlar Ay və Marsa uzunmüddətli missiyaların planlaşdırılması, hətta Yer kürəsindən kənarda ilk daimi insan koloniyalarının yaradılması üçün əsas ola bilər.
 
Aydın
--> -->