Xəbər lenti

Uzaq Şərqdən cəbhəyə: Yakutiya yoxsullaşıb, amma...
Dünya 21:23 01.03.2026

Uzaq Şərqdən cəbhəyə: Yakutiya yoxsullaşıb, amma...

Qeyri-rəsmi məlumatlara görə, Ukraynadan 4,5 min kilometr uzaqlıqda yerləşən Yakutiyadan olan 2500-dən çox şəxs Rusiya ordusunun tərkibində həlak olub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist" yazır.
 
Nəşrin məlumatına görə, Uzaq Şərqdə yerləşən Saxa Respublikası (Yakutiya) ərazisində Ukraynada döyüşməyə gedən yerli sakinlərin dəfn mərasimləri keçirilir.

Məqalədə bəhs olunan həlak olanlardan biri uşaqları üçün mənzil almaq məqsədilə kifayət qədər pul qazanmaq ümidi ilə müqavilə əsasında xidmətə qoşulub. Lakin o, cəmi bir neçə ay xidmət etdikdən sonra itkin düşmüş elan olunub. "Onun cəsədi tapılana qədər oğlu da xidmətə yazılaraq atasını axtarmağa yollanıb. Hazırda o da itkin düşmüş sayılır və böyük ehtimalla həlak olub”, deyə materialda bildirilir.

Müəlliflər yazırlar ki, Yakutiya ərazisinə görə Argentinadan böyük və zəngin təbii ehtiyatlara malik olsa da, respublikanın əhalisi cəmi 1 milyon nəfərdir. Onların yarısını türk mənşəli xalq olan yakutlar təşkil edir. Müstəqil xəbər saytı "Mediazona"nın məlumatına görə, region Ukraynadakı müharibədə 2500-dən çox insan itirib.

Region son illərdə dəyişib

2010-cu illərdə Yakutiya sürətlə inkişaf edən kino sənayesi – "Sakhavud” kimi tanınan sahə ilə seçilirdi və Berlin, Seul festivallarında diqqət çəkirdi. "Regionun İT şirkətləri arasında sərnişin və sürücülərə qiymət üzrə razılaşmaq imkanı verən taksi tətbiqi "InDrive” də var idi. Bu tətbiq Afrika, Asiya və Latın Amerikasında populyarlıq qazanmışdı. Yerli "MyTona” şirkəti isə 2019-cu ildə Mobil Oyunlar üzrə Beynəlxalq Mükafat qazanmışdı”, deyə müəlliflər qeyd edir.

Həmin dövrdə regionun paytaxtı Yakutskda Kremlin dəstəklədiyi namizədi geridə qoyaraq yerli qadın mer seçilmişdi. Regionun öz yerli dissidenti də olub: 2019-cu ildə "şaman-döyüşçü” Aleksandr Qabişev Vladimir Putinin "qaranlıq qüvvələrini” Qızıl meydanda ritual vasitəsilə qovmaq üçün piyada Moskvaya doğru yola çıxmışdı. O, beş il müddətinə psixiatrik xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə qeyd olunur ki, müharibə region üçün şok olub. Müstəqil ykt.ru xəbər saytı bağlanıb. Onun sahibi, "InDrive” şirkətinin yaradıcısı Arsen Tomskı əməkdaşlarını xaricə köçürüb. "MyTona” isə Yeni Zelandiyaya köçüb.

"2022-ci ilin payızında səfərbərlik başlayanda isə təxminən 400 yakut qadın Yakutskun mərkəzi meydanında ənənəvi osuoxay dairəvi rəqsini ifa edərək "Qoy uşaqlarımız yaşasın" şüarını səsləndirdi. Onlar tez bir zamanda dağıdıldı”, deyə müəlliflər əlavə edir.

Yakutiyada müharibəyə necə cəlb edirlər

Məqalədə bildirilir ki, Yakutiya sakinləri müharibə şəraitinə uyğunlaşıblar. Onlar yapon malları əvəzinə Çin məhsulları alır və ehtiyatla danışmağı öyrəniblər. Ykt.ru saytı yeni sahibə keçib və artıq xəbərlər deyil, əyləncə materialları və daşınmaz əmlak elanları dərc edir.

Sanksiyalar səbəbindən almaz hasilatı ilə məşğul olan "Alrosa” şirkəti şaxtaları bağlayıb və xeyriyyə layihələrini, o cümlədən maral miqrasiyasının monitorinqini maliyyələşdirməyi dayandırıb. Bu proqram çobanlara ev marallarının vəhşi marallarla təmasdan qorunmasına kömək edirdi. 2024-cü ildə Oleneksk rayonu belə təmas nəticəsində sürülərinin 1/4-ni itirib.

"Yakutskda hər yerdə orduya qoşulmağa çağıran plakatlar asılıb. Parkda bütün Rusiya ərazisindən daşınaraq gətirilmiş ələ keçirilmiş Ukrayna zirehli transportyorları nümayiş etdirilir. Yanvarda bir yeniyetmə onlardan birinə çıxaraq başına metal detalın düşməsi nəticəsində həlak olub. Kəndlərdə qadınlar kamuflyaj torları toxuyur və cəbhəyə maral dəriləri göndərirlər”, deyə materialda qeyd olunur.

Rusiyada gizli səfərbərlik

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiyada Silahlı Qüvvələrə müqaviləli hərbçilərin cəlb olunmasında problemlər yaranıb. Bu hal xüsusilə ən kasıb regionlarda, o cümlədən Saxa Respublikasında (Yakutiya) müşahidə olunur. GUR hesab edir ki, bunun səbəbi regional ödənişlərin yetərsiz olması və yerli hakimiyyət orqanlarının çağırış kampaniyasına fəal dəstək vermək istəməməsidir.

Aydın
--> -->