"Rəqib tərəfdən bizə qarşı böyük ədəbsizlik edildi. Daha sonra baş məşqçiləri bizə yaxınlaşıb üzr istədi”.
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Sabah”la 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanı belə şərh edib: "Çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlər nə görmək istəyirdilərsə, meydanda gördülər. Futbolçularıma təşəkkür edirəm ki, belə dinamik və maraqlı oyun sərgilədilər. Rəqibin hücum xətti çox güclüdür. Mən həmişə deyirəm ki, futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. "Nyukasl”dan sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq. Premyer Liqa oyunları çox gərgin keçir”.
O, baş hakimin oyunun sonuna əlavə etdiyi 6 dəqiqənin az olduğunu deyib:
"Hakim belə bir oyunda çox az vaxt əlavə etdi. Bəzi oyunların heç bitməsini istəmirik. Amma o qədər pauzalara qarşı belə vaxt kifayət deyildi”.
Qurbanov çempionluq şansları barədə də danışıb: "Soyunub-geyinmə otağında sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Onlara təşəkkür etdim. Qarşıda çox oyun var. Ümumiyyətlə, mütləq çempion olmalıyıq deyə heç vaxt fikrimiz olmayıb. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Bəzən böyük klublarda problem olur. Ya da "Sabah” kimi illərlə yaxşı komanda olaraq formalaşan rəqiblərimiz var. Biz sonadək mübarizə aparacağıq. Futbolda bəzi anlarda xarakter önəmlidir. Biz bu gün "Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq”.
Şərhlər