Xalq artisti Röya Ayxan ən böyük arzusunu açıqlayıb. Müğənni "Şöhrət" ordeninə layiq görülmək istədiyini bildirib:
"Bu günə qədər özümə güvənmirəm. Nə etmişəm ki? Şöhrət ordeni qazanmayana, ona layiq olmayana qədər nə etmişəm ki? O mükafat çox gözəldir. Mənsum müəllim o adı alanda böyük həyəcan keçirmişdim. Güzgüdə özümə baxıb demişdim ki, sən durmayacaqsan, çalışacaqsan və nail olacaqsan".
Röya Ayxanın bu səmimi etirafı sosial şəbəkələrdə marağa səbəb olub. Hətta bəziləri onu "dövlət üçün nə etmisən?” deyə qınayıb. Bu gün 10-20 min manata toya gedən bir müğənni niyə "Şöhrət" ordeni almağı arzulasın ki? Yaxud da bu medal müğənniyə hansı halda verilə bilər?
Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında sənət adamlarının həvəsləndirilməsinin bir neçə formada təltiflərdən keçdiyini bildirib:
"Keçmiş sovet və ona yaxın ölkələrdə Xalq artisti, Əməkdar artist fəxri adları ilə yanaşı, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni və s. müxtəlif orden və medallarla təltif olunma kimi variantlar da var. Röya xanım Xalq artisti fəxri adını alandan sonra qarşısına məqsəd qoyub ki, daha yüksək dövlət mükafatı, orden və medallarla təltif olunsun. Dünyada aktyor və aktrisalar müxtəlif musiqi yarışmalarında ad-san qazanmaq, birinci yeri tutmaq, musiqiləri ilə vətəndaşları heyrətləndirmək istəyirlər. Bizimkilər isə hələ də köhnə sovet ənənəsinə uyğun olaraq adlarla yanaşı, orden, medalla təltif olunmasını qarşısına məqsəd qoyur. Bu, normal qarşılanmalıdır, hər bir sənətçi qarşısına bir məqsəd qoyur və ona çatmaq üçün sənətində müxtəlif yeniliklər edir. Röya Ayxan da zəhmətkeş müğənnidir”.
Aydın Xan Əbilovun fikrincə, hər bir Azərbaycan vətəndaşı kimi onun da orden, medal almaqla bağlı məqsədi normal qarşılanmalıdır, amma:
"Amma bir məsələ var, keçmiş SSRİ-də dövlət konsert birlikləri vardı. Müəyyən mənada ad almaq, yaxud ordenlərə sahib olmaq üçün mütləq dövlət büdcəsinə hansısa qastrollarınla, konsertlərinlə çox böyük fayda verməli idin. Bu gün bunlar yoxdur. Sənətçilər dövlət tədbirlərində iştirak edəndə onun qonorarının davasını edir, yaxud da təltiflər, ənamlar istəyir. Büdcəmizə, yaxud da hansı dövlət qurumuna fayda veriblər ki, onlar ad-san, medal davası edir? Bildiyim qədər normativ aktlar var. Həmin aktlara görə 100 mindən çox manat qazanırdılarsa, ondan sonra nəyəsə iddialı ola bilərdilər. Bu da normal idi, müğənni çalışırdı, qastrollara gedirdi, kənd təsərrüfatı, sənaye zəhmətkeşlərinin qarşısında çıxış edirdi, onların estetik sənət baxışlarını yüksəldirdi. Əvvəllər yenə də Heydər Əliyev Sarayında konsert verərdilər, indiki müğənnilər toydan başqa nə edirlər? Hər gün toydan qazandığı puldan vergi verirlər? Əgər verirlərsə, o zaman iddialı ola bilər. Məsələn, Röya xanım tez-tez əsgərlərin qarşısında konsertlər verir, dövlət tədbirlərində iştirak edir, amma bu biznes deyil, humanist xarakterli çıxışlardır. Orada hansısa büdcəyə ödəmələr olmur”.
Kulturoloq təəssüf hissi ilə bu günə kimi müğənnilərdən birinin hansısa şəhid ailəsinə mənzil almadığını xatırladıb:
"Haçan görmüşük ki, müğənnilər şəhid ailəsindən birinə ev verib və yaxud da yoxsulun hansısa xəstəliyinin müalicə xərclərini çəkib? Halbuki onların imkanları var. Biz bunları görmürük. Fakt, bunlar yoxdur. Yoxdursa, onların belə arzuları da absurd səslənir. Bu baxımdan biznesmen də deyə bilər ki, iş yerləri yaratmışam, əhalinin sosial rifahı və iqtisadiyyatı üçün işlər görürəm, belə olarsa, niyə mənə ad-medal verilmir? Onlar da istəyə bilər və haqlıdırlar da”.
Aydın Xan Əbilov müxtəlif qurumlar, yaxud da dövlət tərəfindən Röyanın çoxlu mükafatlarla təltif edildiyini vurğulayıb:
"Zeynəb Xanlarova, Rəşid Behbudov kimi dünya səhnələrində çıxış edib Azərbaycanın büdcəsinə milyonlarla valyuta və eləcə də respublikanın daxilində büdcəyə vəsait gətirən sənətkarlarla indiki müğənniləri müqayisə edə bilmərik. İndikilər nə bir qeyri-adi məktəb yaradırlar, nə də dövlət büdcəsinə milyonlarla gəlir gətirirlər. Gəlin hər şeyin halallığını istəyək. Müğənni ad-san, medal arzulayırsa, onun qarşılığında dövlətə nəsə verməlidir. Toyda bir-iki mahnı oxumaqla, rəqs etməklə bu töhfəni vermirlər. Müğənni nə şairdir, nə yazıçı, nə də müəllifdir, sadəcə kreativ biznesin bir nümayəndəsidir. Necə ki fəhlə gedib zavodda işləyib, fermer heyvan saxlayıb pul qazanırsa, müğənni də səsi ilə pul qazanır. Bu da onun birbaşa yaradıcılığı deyil. Çünki mahnını ona təqdim edən şəxslər – bəstəkar, şair, aranjimançı var”.
Bahar Rüstəmli
Şərhlər