Rusiya rəhbəri Vladimir Putin diplomatik yolları rədd edərək Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirməyə hazır olduğunu getdikcə daha açıq şəkildə nümayiş etdirir.
Qaynarinfo "Foreign Affairs”ə istinadla yazır ki, Putinin ötən ilki strategiyası Kremlin nəinki döyüşlərin intensivliyini azaltmağa hazır olmadığını, həm də beynəlxalq arenada tərəfdaşlarını qoruyub saxlamaq üçün xarici siyasət manevrlərindən istifadə etdiyini
göstərdi.
Kremlin 2025-ci ildəki fəaliyyəti xüsusi bir "doktrinanın" formalaşdığını göstərir. Analitiklər onun üç əsas aspektini vurğulayırlar:
1.Müharibə əsas metod kimi: Müharibə, Donbas və Kremlin "Novorossiya" adlandırdığı Ukraynanın cənub-şərq əraziləri üzərində nəzarəti qaytarmağın yeganə yolu kimi görülür.
2.Diplomatiya örtüyü: Kreml, Trampın rəhbərlik etdiyi ABŞ ilə münasibətləri saxlamağa çalışıb, lakin bu danışıqlardan döyüş əməliyyatlarını davam etdirmək üçün bir növ "pərdə" kimi istifadə edib.
3.Hərbi gücün dominantlığı: Hərbi güc siyasi təsirin əsas alətinə çevrilib, diplomatiya isə yalnız bu hərəkətləri legitimləşdirmək üçün istifadə olunur.
Analitiklər qeyd edirlər ki, Putin hazırda öz resurslarını növbəti aylar ərzində ərazilərin "qaytarılması" prosesini davam etdirmək üçün kifayət qədər hesab edir.
Kreml diplomatik addımları aktiv şəkildə imitasiya edir: Tramp ilə görüşlər, telefon danışıqları və ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun səfərləri kənardan danışıqlar kimi görünsə də, faktiki olaraq cəbhədəki əməliyyatların davamına xidmət edirdi.
Eyni zamanda, Rusiya təbliğatı müharibəni "Rusiya xalqının müdafiəsi" və "ərazilərin azad edilməsi" kimi təqdim edir. Bu, dövlətlərin gücünün ərazi və hərbi qüdrətlə ölçüldüyü XIX–XX əsr konsepsiyalarına qayıdışdan xəbər verir.
ABŞ-ın Venesuelada Nikolas Maduroya qarşı keçirdiyi sürətli əməliyyat Putinin doktrinasını çətinə salıb. Moskva Karakas üzərindəki təsirini qorumağa çalışsa da, təşəbbüsü itirdi.
•Sürət fərqi: Trampın xüsusi əməliyyatı cəmi bir neçə saat davam etdiyi halda, Putinin müharibəsi artıq dördüncü ilə keçir. Maduronun həbsi göstərdi ki, ABŞ, Kremlindən fərqli olaraq, sürətli və qətiyyətli hərəkət edə bilir.
•Bu hadisə Moskva ilə Tramp arasındakı münasibətlərin dinamikasını dəyişdi: ABŞ-ın strateji məsələlərdə dost deyil, rəqib ola biləcəyi sübut edildi.
Putinin Rusiyası dünyaya yalnız enerji resursları deyil, həm də xaos ixrac edir. Bunun əsas səbəbi rejimin daxili strukturudur.
"Foreign Affairs” yekunlaşdırır:
"Ukraynada sülh sazişi əldə edilsə belə, Qərb Putinin Rusiyasını 'yox edə' bilməyəcək. Sülh sazişindən sonrakı dövr münaqişənin özündən daha az mürəkkəb olmayacaq: qarşıdurma sadəcə hibrid və soyuq formada davam edəcək".
UNİAN-ın məlumatına görə, 2026-cı ildə Rusiya Ukraynadakı müharibəni dayandırmaq üçün təklif edilən təşəbbüsləri rədd etməyə davam edir. "Atlantic Council” yazır ki, Moskva Ukrayna, Avropa və ABŞ tərəfindən hazırlanan 20 bəndlik sülh planını faktiki olaraq kənara itirərək, müharibədən sonrakı təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada Avropa qoşunlarının mövcudluğuna razı olmayacağını bəyan edib.
Alpər
Şərhlər