Xəbər lenti

Azərbaycan Könüllüləri Xocalı soyqırımının qurbanlarının əziz xatirəsini yad edib (FOTO)
Foto 17:44 27.02.2026

Azərbaycan Könüllüləri Xocalı soyqırımının qurbanlarının əziz xatirəsini yad edib (FOTO)

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 34-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirib.

Azərbaycan Könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə "Ana harayı” abidəsini ziyarət edərək abidənin önünə əklil və gül dəstələri qoyublar. 

Xocalı soyqırımının 34-cü ildönümündə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə "Justice for Khojaly 613” fləşmobu keçirilib. 1000 nəfər Azərbaycan Könüllüsünün iştirak etdiyi fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllüləri ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası həyata keçirilib.  

Daha sonra Azərbaycan Könüllüləri "Xocalı Harayı Rənglərdə” mövzusunda rəsmlər çəkiblər. Yaradılan rəsm əsərlərində insan taleləri, itkilər, ana harayı və uşaqların yarımçıq qalan arzuları, xalqımızın sarsılmaz iradəsi rənglərin dili ilə əks etdirilib. Rəsmlərdə yalnız faciənin ağrısı deyil, eyni zamanda Vətən müharibəsində qazanılan Zəfərin qüruru, Xocalıya qayıdışın sevinc hissi və azad torpaqlarımızda yenidən ucalan həyatın işığı öz ifadəsini tapıb. Bu əsərlər bir daha göstərib ki, xalqımızın yaddaşında Xocalının kədəri ilə yanaşı, Böyük Qayıdışın sevinci və qalibiyyət ruhu da daim yaşayır. Daha sonra hazırlanmış əsərlərin sərgisi həyata keçirilib. Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Bakı Fotoqrafiya Evində keçirilib. 

Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi, "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş "Xocalı: Yaddaşımızda, Qəlbimizdə” adlı anım tədbiri həyata keçirilib. Tədbir çərçivəsində ilk olaraq Xocalı hadisələrinin canlı şahidi Rəşad Məmmədov ilə görüş baş tutub. Görüş zamanı o, Xocalı faciəsi ilə bağlı öz xatirələrini bölüşüb, baş vermiş hadisələrin dəhşətli məqamlarını diqqətə çatdırıb və könüllülərin ünvanladığı sualları cavablandırıb. Sonra isə "ASAN Könüllüləri” Təşkilatının "Mədəniyyət Carçısı” proqramı tərəfindən Xocalı faciəsinə həsr olunmuş bədii səhnəcik təqdim edilib.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilib, Xocalı şəhəri separatçı qüvvələrdən azad olunub. 2023-cü il oktyabrın 15-də dövlət başçısı Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq ölkəmizin suverenliyini bütün dünyaya bir daha nümayiş etdirib.

Həyata keçirilən bu tədbirlər Xocalı soyqırımının həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına, tarixi ədalətin bərpasına və milli yaddaşın möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Könüllüləri də bu istiqamətdə aparılan siyasəti dəstəkləyərək Xocalı həqiqətlərinin unudulmaması və ədalətin təmin olunması naminə maarifləndirmə fəaliyyətlərini ardıcıl şəkildə davam etdirir.
--> -->