Fransanı anomal istilər bürüyüb və bu artıq bir neçə ölkədə insan ölümlərinə səbəb olub.
Qaynarinfo xəbər verir ki, "BFMTV” telekanalının məlumatına görə, Fransada ümumilikdə 402 temperatur rekordu ya yenilənib, ya da təkrar qeydə alınıb.
Xüsusilə ölkənin şimal-qərbində yerləşən Bretan bölgəsində çərşənbə axşamı hava olduqca isti keçib. Məsələn, Brest şəhərində havanın temperaturu iqlim normasını təxminən 15 dərəcə üstələyib.
Temperatur göstəriciləri təxminən 32 dərəcə olsa da, may ayının sonu üçün bu rəqəmlər olduqca yüksək hesab edilir. Xüsusilə nəzərə alsaq ki, söhbət Fransanın ən sərin bölgələrindən biri sayılan ərazidən gedir.
Adətən Bretanda yay aylarında temperatur ölkənin digər hissələri ilə müqayisədə daha aşağı olur. İyul-avqust aylarında orta maksimum temperatur 20–23 dərəcə təşkil edir və nadir hallarda 28–30 dərəcəni keçir. Bu göstəricilər Fransanın cənub, mərkəz və şərq bölgələrində müşahidə olunan 30–35 dərəcəlik istilərlə müqayisədə xeyli aşağıdır. İsti hava dalğaları zamanı Bretan çox vaxt fransızlar üçün "sığınacaq” rolunu oynayırdı, lakin bu dəfə vəziyyət fərqlidir.
"BFMTV” qeyd edir ki, temperatur hələ tam ekstremal səviyyədə görünməsə də, yay istilərinin artıq may ayında müşahidə olunması qlobal istiləşmənin nəticələri kimi qiymətləndirilir.
Qərbi Avropada hava şəraiti ilə bağlı son xəbərlərə görə, Böyük Britaniya, Fransa və İspaniyada temperatur may ayı üçün rekord həddə çatıb. Londonda isə tarixdə ən isti may günü qeydə alınıb — 34,8 dərəcə.
Meteoroloqların "istilik qübbəsi” adlandırdığı anomal hava şəraiti nəticəsində Böyük Britaniya və Fransada azı 11 nəfər həyatını itirib. Ölüm halları arasında boğulma və idman tədbirləri zamanı istilik yükü səbəbilə baş verən hadisələr də var.
İsti hava həmçinin nəqliyyatda fasilələrə, yanğınlara və əhali üçün müxtəlif problemlərə səbəb olub. Bildirilir ki, Böyük Britaniyadakı binaların əksəriyyəti kondisioner sistemi ilə təchiz edilmədiyindən sakinlər istilərlə mübarizədə çətinlik çəkirlər.
Aydın
Şərhlər