Yaponiya Rusiyanın artan hərbi fəallığı fonunda Hokkaydo adasında müdafiəni gücləndirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post” məlumat yayıb.
Yaponiyanın müdafiə naziri Sindziro Koizumi hərbi bazalara səfəri zamanı ölkənin şimalında "qüsursuz” müdafiə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.
Yapon analitiklərinin fikrincə, Yaponiya cənubda Çinlə mümkün böhranla məşğul olacağı anda Rusiya Hokkaydo yaxınlığında "ikinci cəbhə” aça bilər. Buna görə də hərbçilər qüvvələrin sürətlə cənubdan şimala köçürülməsi ssenarilərini məşq edirlər.
Tədqiqatçı Yu Koizumi bildirib ki, Rusiyanın nüvə sualtı donanmasının hərəkəti Yaponiya üçün ciddi təhlükəsizlik məsələsi olaraq qalacaq.
Məlumata görə, Moskva artıq Hokkaydo yaxınlığındakı mübahisəli adalarda "Su-35” qırıcıları və gəmiəleyhinə raketlər yerləşdirib. Bundan əlavə, Oxot dənizi fəal şəkildə nüvə sualtı qayıqları üçün baza halına gətirilir. Tədqiqatçı Şinqo Naqatanın sözlərinə görə, Çin və Rusiya qüvvələrinin Yaponiya hava məkanı və sularında birgə təlimləri artıq "adi hala” çevrilib.
Ötən ilin aprelindən dekabrına qədər Yaponiya əsasən Çin və Rusiya təyyarələrini müşayiət etmək üçün 448 dəfə qırıcı təyyarələr havaya qaldırıb. KİV yazır ki, mart ayında Rusiya təyyarələrinin Yaponiya yaxınlığında "Kinjal” hipersəs raketlərini nümayiş etdirməsi xüsusi narahatlıq doğurub.
Templ Universitetinin professoru Ceyms Braunun sözlərinə görə, bu raketləri vurmaq demək olar ki, mümkün deyil, çünki onlar uçuş zamanı trayektoriyasını dəyişə bilir.
"Rusiyanın bu addımları Yaponiyanı həm qıcıqlandırır, həm də onun resurslarını tükəndirir”, deyə o qeyd edib.
Bu arada Yaponiya Nazirlər Kabineti 2026-cı il üçün rekord həcmdə – 58 milyard ABŞ dolları məbləğində müdafiə büdcəsini təsdiqləyib. Bu göstərici 2025-ci illə müqayisədə 9,4% çoxdur.
Çin və Rusiya liderləri artıq bəyan ediblər ki, Yaponiyanın sürətlə silahlanması regionda sülh və sabitlik üçün "ciddi təhlükə” yaradır. Buna baxmayaraq, Tokio təhlükəsizlik sistemində boşluqların yaranmaması üçün modernləşməni davam etdirir.
Çin və Rusiya münasibətləri
Bu kontekstdə Moskva və Pekin arasında hərbi əməkdaşlığın yalnız birgə patrullarla məhdudlaşmadığını da qeyd etmək lazımdır. "Reuters”in məlumatına görə, 2025-ci ilin sonunda Çin hərbçiləri gizli şəkildə təxminən 200 rusiyalı hərbçiyə – əsasən pilotsuz uçuş aparatları və radioelektron mübarizə sahəsində – təlim keçib. Onların bir hissəsi geri döndükdən sonra Ukraynaya qarşı müharibədə birbaşa iştirak edib. Təlim prosesi 2025-ci ilin iyulunda Pekində imzalanmış rəsmi sazişlə təsdiqlənib.
Ötən həftə Si Szinpin və Vladimir Putin yeni dünya nizamının qurulmasına dair ortaq bəyanat imzalayıblar. Sənəddə qeyd olunur ki, son onilliklərdə dünya birliyi "daha müxtəlif və mürəkkəb” hala gəlib. Xüsusilə Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası və Karib hövzəsi ölkələrinin təsirinin artdığı vurğulanır.
Aydın
Şərhlər