Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilyus bildirib ki, Avropa silah istehsalını artırmalı və "elit”, çox bahalı raketlərin istehsalından imtina etməlidir.
Qaynarinfo xəbər verir ki, "Financial Times"a verdiyi müsahibədə o, həmçinin Aİ ölkələrini Ukraynaya silah göndərmək üçün ehtiyat anbarlarını açmağa çağırıb.
"İdarələr öz ehtiyatlarını açmalıdır ki, Ukrayna lazım olan bütün silahlarla təmin olunsun”, deyə o bildirib.
Onun sözlərinə görə, Ukrayna Aİ-də mövcud ehtiyatlardan silah ala bilər və bunun üçün yeni razılaşdırılmış 90 milyard avroluq kredit paketindən 60 milyard avro istifadə oluna bilər. Satıcılar isə əldə etdikləri vəsaiti yeni silah almağa və ya istehsalı genişləndirməyə yönəldə bilər.
Kubilyus vurğulayıb ki, Rusiya ilə danışıqlar kanalları yenidən açılsa belə, Ukrayna ordusunun gücləndirilməsi daha da vacib olacaq.
"Yeganə real formula – güc vasitəsilə sülhdür. Güc Ukraynanın tərəfində olmalıdır”, deyə o bildirib və Avropanın bu prosesdə rol oynaya biləcəyini əlavə edib.
Komissar həmçinin xəbərdarlıq edib ki, Avropa Rusiya və Ukrayna ilə müqayisədə raket istehsalında geri qalır, çünki şirkətlər çox mürəkkəb, baha və geniş miqyasda istehsalı çətin olan silahlar hazırlayır.
"Avropalılar "yüksək moda" istehsal edirlər – texnoloji cəhətdən çox inkişaf etmiş, çox bahalı və kütləvi istehsala uyğun olmayan məhsullar. Ukraynalılar isə "kifayət qədər yaxşı" hesab edilən silahlar istehsal edirlər”, deyə o bildirib.
O əlavə edib ki, Ukrayna bu il təxminən 700 ədəd "Flaminqo” qanadlı raketi istehsal etməyə hazırdır.
Məlumata görə, Avropa İttifaqı bu il 300-dən az raket istehsal edib, Rusiya isə 1200 ədəd buraxıb.
Avropa paytaxtlarında Vladimir Putinin Ukraynada yaranmış vəziyyətdən çıxmaq üçün münaqişəni Avropaya genişləndirməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlar artır.
Bəzi təhlükəsizlik rəsmiləri Rusiyanın NATO-nun birliyini sınamaq üçün Baltik ölkələrindən birinə, Baltik dənizindəki İsveç və ya Danimarka adalarına, yaxud Arktikadakı alyans ərazilərinə hücum edə biləcəyini istisna etmir.
Aydın
Şərhlər