Bakıda kollektorun üzərində tikilən evin həyəti çökdü (VİDEO)
Bakıda kollektorun üzərində inşa edilən evin həyəti çöküb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Şahin Səmədov küçəsi, Döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Sakinlərin sözlərinə görə, yağış kollektorunda baş verən qəza səbəbindən həm evləri, həm də özləri təhlükə altındadır. Aidiyyəti qurumlar isə onlara evlərinin qəzalı olduğunu və burada yaşamamalarını bildirib.
Sakinlər deyirlər ki, həmin ərazidən torpaq aldıqları vaxt nə icra, nə də bələdiyyə tərəfindən ərazidən kollektorun keçməsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Vətəndaşlar onu da bildirirlər ki, yalnız ev tikildikdən bir neçə il sonra onlara evlərinin altında kollektor xəttinin yerləşməsi barədə məlumat veriblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən "Xəzər Xəbər”ə bildirilib ki, kollektorun üzərində qeyri-qanuni olaraq fərdi yaşayış evi tikilib. İstismarda olan şəbəkənin üzərində inşa edilmiş tikintinin yaratdığı izafi yüklənmə kollektorun çökməsinə səbəb olub. Müvafiq sukanal idarəsinin əməkdaşları ilə yanaşı, hadisə yerinə digər qurumların nümayəndələri də cəlb olunublar. Akt bağlanıb, vətəndaşlara bildiriş verilib. Evlərin sökülməsi və kollektorun bərpası məsələsinə gəlincə isə, o da bildirildi ki, müvafiq qərar qəbul ediləndən sonra hansı addımların atılacağı dəqiqləşdiriləcək.
Evlərin qanunsuz tikilib-tikilməməsi barədə Xətai Rayon İcra hakimiyyətinə müraciət edilsə də, suallarımız cavabsız qalıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər