Xəbər lenti

Texnologiya 16:39 18.11.2025

"Cloudflare"də qlobal nasazlıq: Bütün dünyada saytlar çökdü (YENİLƏNİB)

Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

"Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır, bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür", - deyə məlumatda qeyd olunub.

16.22
 
Bu gün "Cloudflare" xidmətində baş verən genişmiqyaslı nasazlıq dünyanın müxtəlif regionlarında, o cümlədən Azərbaycanda bir sıra saytlara girişdə problemlərə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, şirkət problemin araşdırıldığını və əlavə məlumatların veriləcəyini bildirib. 

"Cloudflare" daha əvvəl planlı texniki işlər apardığını, həmçinin dəstək portalının provayderində nasazlıq yarandığını açıqlayıb. 

Qeyd edək ki, Azərbaycanda da bir çox xəbər saytlarına giriş müvəqqəti olaraq məhdudlaşıb.

İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında problemin bulud texnologiyasında genişmiqyaslı nasazlıqla bağlı olduğunu yazıb: 

"Cloudflare" çöküb. Bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün "Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. "Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, "Cloudflare Error” tipli xətalar görünür.

"Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə, serverlərdə problem yoxdur. Trafik "Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər. "Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->