Xəbər lenti

Dünya 18:06 26.02.2026

"Hyundai Motor"dan nəhəng investisiya: Süni intellekt şəhərləri yaradılacaq

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor Group" ölkədə süni intellekt, avtonom idarəetmə və robot texnologiyalarının inkişafı məqsədilə 125,2 trilyon von həcmində investisiya yatıracağını açıqlayıb.

Qaynarinfo-nun xəbərinə görə, şirkətin planına əsasən, investisiyalar 2026–2030-cu illəri əhatə edəcək və əsasən Cənubi Koreyanın qərb sahilində həyata keçiriləcək layihələrə yönəldiləcək. Bu investisiyalar çərçivəsində yeni texnoloji infrastrukturlar yaradılacaq və sənayenin innovativ sahələri inkişaf etdiriləcək.

Bildirilir ki, investisiya qərarı ABŞ ilə Cənubi Koreya arasında əldə olunan ticarət razılaşmasından sonra verilib. Həmin razılaşmaya əsasən, ABŞ Cənubi Koreya avtomobillərinə tətbiq etdiyi gömrük rüsumunu 25 faizdən 15 faizə endirib.

Şirkətin İdarə Heyətinin sədri Euisun Çunq sahil bölgəsində "hidrogen və süni intellekt şəhəri” yaradılacağını bildirib. Bu layihənin regionun texnoloji və iqtisadi inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Yeni investisiya planı çərçivəsində "Hyundai Motor Group" texnologiya şirkəti "Nvidia"dan təxminən 50 min süni intellekt çipi almaq barədə razılığa gəlib. Bundan əlavə, şirkətə məxsus robot istehsalçısı "Boston Dynamics" vasitəsilə humanoid robotların istehsalının genişləndirilməsi nəzərdə tutulur.

Şirkət həmçinin 2028-ci ilə qədər ildə 30 min robot istehsal gücü yaratmağı planlaşdırır. Bu addım Hyundai-nin süni intellekt və robot texnologiyaları sahəsində mövqeyini gücləndirməyə yönəlib.
 
Günay
--> -->