Xəbər lenti

İqlim böhranı: Ağaçlardan düşən meymunlar və yarasalar, sonsuzlaşan həşəratlar...
Dünya 17:33 20.08.2025

İqlim böhranı: Ağaçlardan düşən meymunlar və yarasalar, sonsuzlaşan həşəratlar...

Meksikanın Tekolutilla qəsəbəsi sakinləri istilərin nə qədər dəhşətli olduğunu ağaclardan ard-arda düşən heyvanların səsini eşidəndə dərk etdilər.

Qaynarinfo xəbət verir ki, temperatur 43 dərəcəni keçəndə, bölgədə qışqıran meymunlar susuzluq və gücdən düşmə səbəbilə ağaclardan alma kimi yerə çırpılaraq tələf olub. Sağ qalanlara buz və damar içi mayelərlə tibbi yardım göstərilib. Tabasko ştatında azı 83 primat ölü tapılıb, amma yerli baytarlar əslində yüzlərlə meymunun öldüyünü ehtimal edir.

Oxşar mənzərə Avstraliyada yarasalar arasında da qeydə alınıb. Kanadada isə dəniz sahillərində milyardlarla midye və dəniz ilbizləri günəş altında istidən qovrulub. Alimlər bildirirlər ki, hətta bir çox həşəratın erkək fərdləri istilərin təsirindən demək olar tamamilə sonsuzlaşıb.

Mütəxəssislər vurğulayır ki, təkcə yerli kütləvi ölümlər deyil, qlobal istiləşmənin yaratdığı ifrat istilik dalğaları vəhşi təbiət üçün sürətləndirilmiş məhvolma təhlükəsi formalaşdırır. Orta temperaturun yüksəlməsi ilə növlərin yaşayış mühitini tərk etməsi və qida çatışmazlığı gözlənilən hal idi, lakin indi məlum olur ki, qısamüddətli, amma yandırıcı istilik dalğaları daha birbaşa və ağır təhlükədir.

Avstraliyanın Atherton Tablelands bölgəsində yerləşən Tolqa yarasa xəstəxanasında minlərlə yarasa rekord 42°C istilərə tab gətirə bilməyərək məhv olub.

2021-ci ilin yayında Şimali Amerikanın Sakit okean sahillərinə istilik dalğası düşəndə, Vankuver adası ətrafında temperatur 46 dərəcəni keçmişdi. Elm adamları sahildə gəzdikcə minlərlə cansız midye və ilbizlərlə qarşılaşıb. Sonradan Britaniya Kolumbiyası Universitetindən dəniz bioloqu Kristofer Harley hesablamaları yeniləyərək yalnız Corciya boğazında 10 milyard dəniz ilbizi və 3 milyard midyənin öldüyünü açıqlayıb.

Araşdırmalar göstərib ki, bir çox həşərat bədən temperaturunu idarə edə bilmir və ətraf mühitin hərarətini təqlid etdiyindən həddindən artıq istilər onların kütləvi məhvinə səbəb olur. İstilər bəzən müvəqqəti populyasiya artışı ilə nəticələnsə də, bu qida mənbələrinin sürətlə tükənməsinə və sonda kütləvi çöküşə yol açır.

Cənubi Afrikanın Pretoriya Universitetindən evolyusiya bioloqu P.J. Ceykobs laboratoriya şəraitində istilik dalğası sınağı apararaq erkək siçanlarda testosteron səviyyəsi və digər nəsilvermə göstəricilərinin ciddi şəkildə azaldığını müəyyənləşdirib. Onun sözlərinə görə, belə vəziyyət kiçik heyvanların çoxalmasını təhlükəyə atır və ekosistem zəncirinin yuxarı pillələrində ciddi nəticələr doğura bilər.

Alimlər həmçinin bildirirlər ki, böyük istilik dalğalarında heyvanlar günün çoxunu kölgədə keçirməyə məcbur olur, bu isə onların qidalanma və çoxalma imkanlarını məhdudlaşdırır. Həddindən artıq temperatur beyin fəaliyyətinə də mənfi təsir göstərir ki, bu da meymunların ağaclardan yıxılması kimi hallarla nəticələnir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->