"Krım, Donetsk və Luqanskın işğal altında qalması ilə Ukrayna daş kömür, koks, litium, nadir metallar, qızıl yataqları kimi mühüm resurslardan məhrum olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında REAL sədri Natiq Cəfərli Kiyevin işğaldakı ərazilərdən imtinaya məhkum edilməsi fonunda Ukraynanın iqtisadi, strateji, siyasi baxımdan nə itirəcəyi və Rusiyanın nə qazanacağını şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, Krım və Donbasın 2014-cü ildən üzü bəri Ukraynanın iqtisadi və siyasi inkişafında iştirakı onsuz da zəif olub:
"Ukrayna əslində 2014-cü ildən Krımı tamamilə, Donetsk və Luqansk vilayətlərinin isə yarısını itirib. Bu ərazilərin Kiyevin nəzarətində qalan digər yarısında isə hərbi vəziyyət elan olunduğundan həmin bölgələrin Ukraynanın iqtisadi inkişafında iştirakı çox zəif olub. Yəni ərazi itkisi 2014-cü ildən başlayıb. Həmin vaxtdan bu bölgələr zatən Ukraynanın nəzarətində deyildi. Ukraynanın son 10 ilki iqtisadiyyatında həmin bölgələrin payı çox az olub. Hətta demək olar ki, yox dərəcəsində idi. Donetsk və Luqansk bölgələrində faydalı qazıntılar həddən artıq çoxdur. Bu ərazilərdə daş kömür, koks, litium, nadir metallar, qızıl yataqları var. Həmin nöqteyi-nəzərdən sözügedən bölgələrin işğal altında qalması gələcəkdə həmin resurslardan Ukraynanın istifadəsini mümkünsüz edəcək".
Ekspertin fikrincə, Moskva üçün isə işğaldakı sözügedən bölgələr boğazdan asılmış ağır daş rolunu oynayacaq:
"Rusiyaya gəldikdə, 10 ildən çoxdur Krım və Donbasa nəzarət etmələrinə baxmayaraq, hələ də bu bölgələr Moskvadan daha çox dotasiya almaqda davam edən bölgələrdir. Yəni Rusiyanın iqtisadi sistemindən qaynaqlanan problem olaraq sözügedən ərazilər özlərini təmin edə bilmir. Krımda turizmi inkişaf etdirmək istədilər, amma o qədər də uğurlu alınmadı. Amma həmin bölgələr Moskvanın nəzarəti altında qalacaqsa, hər halda gələcəkdə Rusiya iqtisadiyyatına müəyyən müsbət təsirləri olacaq. Lakin həmin bölgələrin bərpasına 100 milyardlarla dollar vəsait lazım olacaq. Bu mənada Luqansk, Donetsk və Krım Rusiya üçün boğazdan asılmış ağır bir daş olacaq".
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında savaşı dayandırmaq səyləri tədricən də olsa nəticə verməkdədir. Tərəflər hələlik müharibəni dayandırmasalar da, liderlərin görüşünə razılıq ifadə ediblər.
Eyni zamanda, görünən odur ki, Ukraynanın itirdiyi əraziləri geri qaytaracağı məsələsi də sual altındadır. Hətta danışıqlara çağıran ABŞ-ın özü belə Ukraynanı mövcud durumla barışmağa dəvət edir.
Rüfət Sultan
Şərhlər