Xəbər lenti

Palma yağına tələbat niyə yüksəkdir?
Sağlamlıq 23:12 11.10.2025

Palma yağına tələbat niyə yüksəkdir?

Bu il Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb. 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252.2 min ABŞ dolları dəyərində 21 min 814.6 ton "xam palma yağı və onun fraksiyaları” idxal edilib. Bir kiloqram palma yağının orta idxal qiyməti 22% artaraq 2.44 manata çatıb. Maraqlıdır, palma yağının zərərləri ilə bağlı cəmiyyətdə ciddi müzakirələr edilir, maarifləndirmə kampaniyaları aparılır. Bəs palma yağı Azərbaycana niyə böyük həcmdə idxal olunur? Bu yağdan hansı sahələrdə istifadə olunur?

Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, ölkəmizdə palma yağı qida sənayesində geniş istifadə olunur. Onun sözlərinə görə, bu yağ marqarin, paketlənmiş çörək və bulkalar, peçenye, kremli şirniyyatlar, dondurma, şokolad məhsulları, eləcə də "fast-food” (hamburger, hot dog çörəkləri) və dondurulmuş hazır yeməklərin tərkibində yer alır: "Palma yağı həm də kosmetika və məişətdə geniş tətbiq olunur. Belə ki, şampun, sabun, dodaq boyası və müxtəlif təmizlik vasitələrinin tərkibində bu yağdan istifadə edilir”.

Mütəxəssis vurğulayır ki, hətta kərə yağı kimi alıb istifadə etdiyimiz məhsulların tərkibində də palma yağına rast gəlinir: "Palma yağı marqarin və digər bitki yağları ilə birlikdə kərə yağına qarışdırıla bilər. Bu, məhsulun maya dəyərini azaltmaq və saxlama müddətini uzatmaq məqsədi ilə edilir”.

Qida təhlükəsizliyi üzrə ekspert bildirir ki, kərə yağının tərkibində palma yağının olub-olmamasını müəyyən etmək üçün bir neçə sadə test mövcuddur: "Birincisi, isti su testidir. Əsl kərə yağı suda tək parça kimi əriyir. Saxta yağ isə, hissələrə ayrılır. İkincisi, otaq temperaturu testidir. Əsl kərə yağı otaq temperaturunda yumşalır, amma su kimi ərimir. Üçüncü yoxlamaq üsulu qoxu və rəngdir. Təbii yağ iştaha açan qoxu verir və köpüklənir. Saxta yağ isə tündləşir və rəng dəyişir. Həmçinin sirkə və yod ilə də əsl kərə yağı ilə palma yağını ayırmaq mümkündür. Yağa bir neçə damcı sirkə və yod əlavə edirsiniz. Rəng mavi və ya qəhvəyi olarsa, deməli, kərə yağına qatqı əlavə olunub”.

Onun sözlərinə görə, istehlakçılar məhsulun etiketini oxumaqla da bəzi məhsulların tərkibində palma yağının miqdarını müəyyən edə bilərlər: "İstehlakçılar etiketi oxuyaraq "Palm oil”, "Palm fat”, "Vegetable fat (palm)” kimi ifadələrə diqqət yetirməlidirlər. "Hydrogenated vegetable oil” ifadəsi də palma yağı ola bilər. Həmçinin, uzunmüddətli saxlama qabiliyyəti olan, kremli və bərk konsistensiyalı məhsullarda palma yağı olması ehtimalı yüksəkdir. Ümumiyyətlə, ucuz qiymətli marqarin və şokolad məhsullarında palma yağı daha çox istifadə olunur”.

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, kərə yağı bazarında ciddi nəzarətsizlik müşahidə olunur: "Hazırda 20 manatdan yuxarı qiymətə satılan kərə yağlarının tərkibi belə şübhə doğurur. Palma yağının idxalında müşahidə olunan rəqəmlər isə sahədəki nəzarətsizliyin bir göstəricisidir. Əgər palma yağı insan orqanizmi üçün zərərli sayılırsa və qida sənayesində istifadəsi məqbul hesab edilmirsə, tələbatın çox olması ciddi suallar yaradır. Ümumilikdə qida sənayesində istifadə olunan yağlarla bağlı istehlakçının sağlamlığını qorumaq üçün şəffaflıq və məsuliyyətli nəzarət mexanizmləri yaradılmalıdır”.

P.Heydərov deyir ki, palma bitkisindən alınan yağlar iki formada mövcuddur. Birinci forma meyvənin özündən, yəni lətli hissəsindən alınan palma yağıdır. İkincisi isə palmanın çəyirdəyindən alınan tum yağıdır: "Meyvədən əldə olunan palma yağı dünyada geniş şəkildə istifadə olunur və texniki baxımdan qida sənayesində istifadəyə yararlı hesab edilir. Lakin palma çəyirdəyindən (kernel) alınan yağ insan sağlamlığı üçün daha zərərli sayılır və qida məhsulu kimi istifadəsi ciddi suallar doğurur. Hazırda ölkəyə idxal olunan palma yağı ilə bağlı əsas suallardan biri də budur: gətirilən yağ palma meyvəsindən hazırlanır, yoxsa çəyirdəyindən?”. 

Mütəxəssis vurğulayır ki, hazırda ölkəyə idxal olunan palma yağı məhsullarının növü, keyfiyyəti və hansı məqsədlə istifadə edildiyi barədə daha şəffaf və konkret məlumatlara ciddi ehtiyac var: "Digər tərəfdən, ölkədə satışda olan bəzi kərə yağlarının harada istehsal edildiyi, harada qablaşdırıldığı və ölkəyə hansı kanallar vasitəsilə daxil olduğu barədə alıcılarda əsaslı məlumatlar yoxdur. Təəssüf ki, bu sualların cavabı əksər hallarda açıq şəkildə təqdim edilmir. Bəzi istehlakçılar düşünür ki, ucuz qiymətə satılan bəzi "kərə yağları” əslində yerli istehsal ola bilər və onların tərkibinə palma yağı kimi ucuz xammalların əlavə olunması mümkündür”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->