Xəbər lenti

Qədim dövrlərdə qadınlar şaxtaçı işləyib - Alimlərdən yeni kəşf
Dünya 22:21 20.08.2025

Qədim dövrlərdə qadınlar şaxtaçı işləyib - Alimlərdən yeni kəşf

Çexiyanın Krumlov meşəsində arxeoloqlar çaxmaqdaşı hasilatı ilə bağlı unikal dəfnlər aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, araşdırma "Archaeological and Anthropological Sciences" (AAS) jurnalında dərc olunub.

Tapıntılarda iki qadın və bir yeni doğulmuş körpə dəfn olunub. Analizlər göstərib ki, qadınlar çox ağır fiziki işlə məşğul olublar: onlarda onurğa sütununda yüklənmənin izləri - osteofitlər, əyriliklər, eroziyalar və sağalmamış qolu sınığı aşkarlanıb. Alimlərin ehtimalına görə, onlar dar şaxtalarda əyilmiş vəziyyətdə çaxmaqdaşı çıxarıblar.

İzotop analizləri qadınların bölgənin digər neolit sakinlərinə nisbətən daha çox heyvani zülal qəbul etdiyini üzə çıxarıb. Alimlər güman edir ki, onların gücünü qorumaq üçün qəsdən daha yaxşı qidalanma təmin olunub. Lakin sümük travmaları göstərir ki, qadınlar xəsarətlərə baxmayaraq işləməyə davam ediblər.

Genetik araşdırma qadınların qohum olduğunu - yəqin ki, bacılar olduğunu göstərib. Onlarla birlikdə dəfn edilən körpənin isə qohumluğu olmayıb. Körpənin niyə həmin qəbirdə dəfn edilməsi isə hələ də müəmmalı qalır.

Tədqiqatçılar çaxmaqdaşının yalnız təsərrüfat əhəmiyyətinə deyil, həm də sakral dəyərinə işarə edirlər. Daşın yerin altından çıxarılması "əcdadlar aləmi" ilə təmas kimi qəbul olunmuş ola bilər və buna görə də bəzən şaxtaçılar torpağa "qaytarılırdı".

Bu tapıntılar Avropada məlum olan ən qədim şaxta dəfnləri hesab olunur və neolit dövründə ən ağır işlərin qadınlar tərəfindən də icra oluna bildiyinə nadir sübutdur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->