Cənubi Afrika, yerli istehsal komponentlərinin Ukraynaya qarşı müharibədə istifadə olunan Rusiya pilotsuz uçuş aparatlarında (PUA-larda) aşkar edilməsindən sonra araşdırma başladıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg”
yazır.
Söhbət Pretoriya yaxınlığında yerləşən "Lightware Optoelectronics Ltd.” şirkətinin istehsal etdiyi lazer məsafəölçəndən gedir. Adətən vəhşi təbiətin müşahidəsi və ya robotlaşdırılmış sistemlərin idarə olunması kimi mülki sahələrdə istifadə olunan bu cihaz, Ukraynanın sanksiyalar üzrə xüsusi nümayəndəsi Vladislav Vlasyukun bildirdiyinə görə, Rusiyanın "Harpiya-A1” kamikadze dronunda aşkar edilib.
Avadanlıq Rusiyaya necə düşüb?
"Lightware” şirkəti məhsullarının hərbi məqsədlərlə istifadəsinə heç bir aidiyyəti olmadığını bildirib və cihazlarının "vicdansız alıcılar” tərəfindən vasitəçilər üzərindən əldə oluna biləcəyini ehtimal edib.
Şirkətin icraçı direktoru Nadejda Nilson qeyd edib:
"Görünür, vicdansız bir operator bizim xəbərimiz olmadan sensorlarımızı başqa yerdən alıb və Rusiyada qanunsuz şəkildə istifadə edib”.
Şirkətin açıqlamasına görə, bu sensorların ixracı üçün xüsusi icazə tələb olunmur, çünki onlar hərbi təyinatlı məhsullar kateqoriyasına daxil deyil. Bununla belə, Cənubi Afrikanın Milli Adi Silahlara Nəzarət Komitəsi (NCACC) istehsalçının yoxlanılacağını açıqlayıb.
NCACC-nin müvəqqəti direktoru Sifo Maşaba deyib:
"Bu məsələ təşkilatın fəaliyyət həcmini müəyyən etmək üçün inspektorlara ötürüləcək və onlar müəssisənin ərazisinə baş çəkəcəklər”.
İstintaq Cənubi Afrikanın Qərblə mürəkkəb diplomatik münasibətləri fonunda aparılır. Prezident Siril Ramafosa Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqeyi qorumağa çalışır, eyni zamanda sülh təşəbbüslərində vasitəçi rolunda çıxış edir.
Bununla belə, Vaşinqton dəfələrlə Pretoriyanı Moskva ilə əməkdaşlığa görə tənqid edib.
2023-cü ildə ABŞ Cənubi Afrikanı Rusiyaya silah göndərməkdə ittiham etmişdi, lakin bu iddia sübut olunmadı.
Bu il isə Tramp administrasiyası Cənubi Afrika idxalına qarşı 30%-lik ticarət rüsumları tətbiq edib — bu, Səhraaltı Afrika ölkələri arasında rekord göstəricidir.
"Lightware” 2011-ci ildə yaradılıb və mini lazer məsafəölçənlərin hazırlanmasında ixtisaslaşıb. Onun texnologiyaları dronlarda, pilotsuz avtomobillərdə, mədən sənayesində və ekoloji tədqiqatlarda istifadə olunur.
2020-ci ildə şirkət "Sanari Capital Ltd.” adlı vençur fondundan 25 milyon rand (təxminən 1,5 milyon dollar) investisiya alıb.
"Sanari Capital”ın baş direktoru Samanta Pokroy deyib:
"Dəstəklədiyimiz texnologiyalardan birinin bu cür məqsədlə istifadə olunması bizi dərin narahat edir”.
Rəsmi istintaq davam edərkən, ekspertlər hadisəni "narahatedici və qaranlıq presedent” adlandırırlar. Keyptaunlu hərbi analitik Helmued-Romer Heytman qeyd edib:
"Bu hadisə göstərir ki, ikiqat təyinatlı texnologiyalar dövründə təchizat zəncirlərinə nəzarət etmək nə qədər çətindir”.
Qeyd edək ki, Cənubi Afrika münaqişədə bitərəf mövqeyini qoruyur və Prezident Ramafosa döyüşlərin dayandırılmasında vasitəçi olmaq istəyən dünya liderləri siyahısına daxildir.
Yaxınlarda ölkə hökuməti Rusiyanın Ukraynaya zərbələrinə münasibət bildirərkən bəyan edib ki, təkcə gərginliyin azaldılması və atəşkəsə deyil, həm də bütün tərəflərin beynəlxalq hüquq normalarına əməl etməsinə çağırır.
Alpər
Şərhlər