Xəbər lenti

Siyasət 15:20 11.10.2025

"Sülh istiqamətində "işıqlar"ın sönməsi Ermənistanı qaranlığa qərq edəcək"

"İndiki məqamda Ermənistanın sülh istiqamətində "işıq" yandıran vaxtıdır. "İşıqlar"ın sönməsi isə bütün mənalarda Ermənistanın qaranlığa qərq olması demək olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistan baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının Düşənbə sammitində Vaşinqtonda imzalanan sazişlə bağlı verdiyi bəyanatı şərh edərkən deyib. 

Həmsöhbətimiz qeyd edib ki, Paşinyan bundan başqa heç bir bəyanat verə bilməz: 

"Ermənistan sülh sazişinin imzalanmasına yaşıl işıq yox, bütün mövcud olan işıqları çoxdan yandırıb. İndiki məqamda Ermənistanın işıq yandıran vaxtıdır, işıqların sönməsi Ermənistanın qaranlığa qərq olması deməkdir, sözün bütün mənalarında".
 


Politoloq deyib ki, Vaşinqtonda imzalanan sənəd sülh müqaviləsindən də əhəmiyyətli bir sənəddir: 

"Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış sülh müqaviləsinin paraflanması əslində iki ölkə arasında olan münaqişəyə son qoyub. Sənədin vacibliyi odur ki, böyük sülhün bağlanması öncəsi imzalanan bu sənəd tərəflərin, xüsusən də, Ermənistanın üzərinə böyük məsuliyyət qoyur. Məsələ ondadır ki, atəşkəsin hansısa kiçik bir formada belə pozulması və ya sülhü təhlükəyə ata biləcək addımlar böyük sülhü ümumiyyətlə gətirməyə bilər. Bu isə Ermənistan üçün yaxşı gələcək vəd etməz. Paşinyanın konstruktiv bəyanatlarını təbii qarşılamaq lazımdır".
 
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan MDB-nin Düşənbə sammitində çıxışı zamanı Vaşinqtonda imzalanmış bəyannamədə Ermənistan və Azərbaycan liderlərinin regionda və qonşuluqda sülh, sabitlik və rifahı təşviq etmək üçün hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün ölkələrimiz arasında nəqliyyat xətlərinin açılmasının vacibliyini bir daha təsdiqlədiklərini bəyan edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->