"OpenAI" şirkətinin baş direktoru Sem Altman və məşhur dizayner Coni Ayv ChatGPT mərkəzli tamamilə yeni bir cihaz üzərində işləyir. Texnologiya dairələrində "süni intellektin "iPhone"u" adlandırılan bu layihə barədə son açıqlamalar gözləntiləri daha da artırıb.
Qaynarinfo xəbər verir ki, Altman bir neçə gün əvvəl jurnalistlərlə görüşündə cihaz barədə danışaraq "Gözləyin, çox təsirli bir cihaz təqdim edəcəyik” deyib. O, hətta zarafatla əlavə edib: "Əgər yeni cihazımıza üzlük taxsanız, sizi şəxsən taparam”.
San-Fransiskoda keçirilən mətbuat konfransında Altman cihazı "bir sözlə inanılmaz” adlandırıb və onun yeni hesablama paradiqması təqdim edəcəyini bildirib. Daha sonra sosial şəbəkədə "Bir gün cibinizdə tanıdığınız ən ağıllı insandan daha ağıllı bir cihaz olacaq” yazaraq, marağı daha da qızışdırıb.
Altman hələlik cihazı ictimaiyyətə göstərməyib. Lakin sızan məlumatlara görə, bu nə telefon, nə də ağıllı eynək olacaq. Daha çox boyuna taxıla bilən, cibə yerləşən və ya masada dayanan iPod tipli dizayna sahib olması gözlənilir. OpenAI bu cihazı 2026-cı ilin sonlarında bazara çıxarmağı və rekord müddətdə 100 milyon ədəd satış hədəfinə çatmağı planlaşdırır.
Coni Ayvın süni intellekt startapı olan "io” hazırda cihazın prototipləri üzərində işləyir. Altman ilk dəfə evə apararaq sınaqdan keçirdiyi prototip üçün "İndiyə qədər gördüyüm ən havalı texnologiya parçasıdır” ifadəsini işlədib. Qeyd edək ki, "OpenAI" Ayvın "io” şirkətini 6,5 milyard dollara satın aldığını da açıqlayıb.
Altmanın sözlərinə görə, hazırda ChatGPT-yə kompüter və ya mobil tətbiq vasitəsilə daxil olmaq mümkündür. Lakin xüsusi hazırlanmış donanım süni intellektlə qarşılıqlı əlaqəni daha sürətli və praktik edəcək.
"OpenAI" şirkətinin əməliyyat direktoru Bred Laytkap bildirib ki, cihaz "mühit kompüteri qatı”na sahib olacaq. Bu da süni intellektin istifadəçinin kontekstini anlayaraq sosial münasibətlərdə daha şüurlu köməkçiyə çevrilməsinə imkan verəcək.
Altman bu cihazı "süni intellekt yoldaşı” kimi xarakterizə edir. İstifadəçi cibində daşıya biləcək qədər kiçik olacaq və "iPhone" ilə "MacBook"dan sonra üçüncü əsas cihaz halına gəlməsi gözlənilir. Səssiz, lakin hər an köməyə hazır rəqəmsal asistenti gündəlik həyatın mərkəzinə gətirməyi hədəfləyir.
Aydın
Şərhlər